Türkiyənin Siirt şəhərinin Baykan rayonunda saxlanılan yük maşınının içərisində xırdabuynuzlu mal-qaranın qarın boşluğunda gizlədilmiş 54 kiloqram 600 qram metamfetamin müsadirə edilib.
Stopnarkotik.az xəbər verir ki, Türkiyənin Siirt və Hakkari Polis İdarələrinin narkotik və kəşfiyyat qruplarının birgə əməliyyatı zamanı yük maşınının qoşqusundakı qoyunların qarın nahiyələrində tikişlər aşkar edilib. Ətraflı müayinə nəticəsində məlum olub ki, narkotik maddə 29 baş mal-qaranın qarın boşluğuna yerləşdirilib. Heyvanların qarın boşluğundan ümumilikdə 54 kiloqram 600 qram metamfetamin müsadirə edilib. Əməliyyat çərçivəsində iki şübhəli saxlanılıb.
Daxili işlər naziri Əli Yerlikaya əməliyyatla bağlı sosial media hesabında verdiyi açıqlamada deyib: "Vətəndaşlarımın bilməsini istəyirəm ki, hansı üsuldan istifadə etsələr də, narkotik qaçaqmalçılarına qarşı mübarizəmiz amansızcasına davam edir və davam edəcək".


Stopnarkotik.az