“POSTLARINIZI TƏRK EDİN...” – Admiral Bred Kuper SEPAH-ın şəxsi heyətinə açıq çağırış edib

ABŞ-İran qarşıdurması yeni və daha təhlükəli mərhələyə keçir. Vaşinqton həm hərbi təzyiqi artırır, həm də paralel şəkildə diplomatik manevrlər edir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinə açıq çağırış edib. O, sosial şəbəkə X-də yaydığı bəyanatda iranlı hərbçiləri xidmət yerlərini tərk etməyə səsləyib.

Kuper bildirib ki, SEPAH Hərbi Dəniz Qüvvələrinin uzun illər komandanı olmuş Əlirza Tanqsirinin öldürülməsi bu strukturun “geri dönməz tənəzzülünə” səbəb olacaq. Onun sözlərinə görə, fevraldan bəri davam edən hərbi əməliyyatlar nəticəsində ABŞ qüvvələri İranın hərbi donanmasının böyük gəmilərinin 92 faizini məhv edib.

“ABŞ-nin hərbi zərbələri davam edəcək. Buna görə də SEPAH Hərbi Dəniz Qüvvələrində xidmət edən hər bir iranlını dərhal postunu tərk etməyə və evinə qayıtmağa çağırırıq ki, lazımsız yaralanma və ya ölüm riskindən qaçsın”, – deyə o vurğulayıb.

Quru əməliyyatı gündəmdə: bazarlar çökür

Bu arada, “The New York Times” nəşrinin məlumatına görə, ABŞ artıq İrana qarşı quru əməliyyatına başlamaq qərarı verib. Bu xəbərlər fonunda Amerika maliyyə bazarlarında ciddi sarsıntı yaşandığı bildirilir – bazar kapitallaşmasının təxminən 1 trilyon dollar azaldığı iddia olunur.

Trampdan gözlənilməz addım

Gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ Prezidenti Donald Tramp daha fərqli mesaj verib. O, İranın xahişi ilə ölkənin enerji infrastrukturuna zərbələrin 10 gün müddətinə dayandırıldığını açıqlayıb.

Tramp "Truth Social" hesabında yazıb ki, bu qərar 6 aprel 2026-cı il tarixədək qüvvədə olacaq: “İran hökumətinin xahişi ilə enerji infrastrukturuna zərbələri 10 gün müddətinə dayandırıram. Danışıqlar davam edir və bəzi dairələrin iddialarının əksinə olaraq, çox yaxşı gedir”.

Bu açıqlama göstərir ki, tərəflər arasında hərbi eskalasiya ilə paralel diplomatik təmaslar da davam edir.

ABŞ vətəndaşlarına xəbərdarlıq

Eyni zamanda ABŞ Dövlət Departamenti vətəndaşlarına müraciət edərək, BƏƏ-yə (Birləşmiş Ərəb Əmirlikləri) səfərlərdən çəkinməyi tövsiyə edib. Hazırda bu ölkədə olan amerikalılara isə mümkün raket və pilotsuz aparat hücumları ilə bağlı xəbərdarlıqlara hazır olmaları tapşırılıb.

Rəsmi Vaşinqton vətəndaşlarına ərzaq, su və dərman ehtiyatı toplamağı, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyi və təhlükəsiz sığınacaqlara çəkilməyə hazır olmağı tövsiyə edir.

Hərbi təzyiq və diplomatiya paralel gedir

Baş verənlər göstərir ki, ABŞ-İran qarşıdurması artıq klassik hərbi münaqişə çərçivəsini aşaraq, həm psixoloji təzyiq, həm də siyasi manevrlərlə müşayiət olunur. Vaşinqton bir tərəfdən İran ordusunun daxilində parçalanma yaratmağa çalışır, digər tərəfdən isə danışıqlar üçün qapını açıq saxlayır.

Bu isə yaxın günlərdə ya daha genişmiqyaslı müharibənin, ya da gözlənilməz siyasi razılaşmanın mümkünlüyünü artırır./azpolitika.info