Rusiya nüvə silahını dənizin dibində gizlədir? - NATO kəşfiyyatının iddiası

NATO kəşfiyyat xidmətləri bir müddətdir ki, Rusiya Şimal Donanmasının fəaliyyətini izləyir. Həmin fəaliyyət dəniz dibində nüvə silahı daşıyan raketlərin yerləşdirilməsi cəhdlərini əks etdirə bilər.

Stopnarkotik.az azpolitika.info-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın ən böyük regional ictimai yayımçıları olan “WDR” məlumat yayıb.

Məlumatda iddia olunur ki, "Skif" kod adlı gizli layihə bir neçə ildir davam edir.

Son aylarda NATO bu raket layihəsini öyrənir, peyk görüntülərini təhlil edir, Rusiyanın elmi məlumat bazalarını araşdırır, hərbi və kəşfiyyat mənbələrindən məlumatlar alır. Dəniz dibindəki buraxılış qurğuları müharibə halında NATO üçün ciddi problem yaradacaq, çünki onları aşkar etmək və məhv etmək çətin olacaq.

Qərb kəşfiyyat mənbələrinə görə, onlar dəniz dibində xüsusi hazırlanmış konteynerlərdə, bəzən bir neçə yüz metr dərinlikdə saxlanıla bilər. Yerləşdirilərsə, raketlər orada uzun müddət qala və lazım gələrsə, uzaqdan buraxıla bilər.

Nüvə silahlarının dünya okeanlarında gizlədilə biləcəyi qorxusu “Soyuq Müharibə”dən bəri mövcuddur. 1970-ci ildə BMT-nin qətnaməsi ilə dəniz və okean dibində Nüvə Silahlarının və Digər Kütləvi Qırğın Silahlarının Yerləşdirilməsinin Qadağan Edilməsi haqqında Müqavilə qəbul edilib. Sonradan o, SSRİ və ABŞ də daxil olmaqla təxminən 80 ölkə tərəfindən imzalanıb.