Xəbər verdiyimiz kimi, sentyabrın 27-də İrandan ölkəmizə keçərək, “Qırmızı Körpü” vasitəsilə Gürcüstana daxil olan 200 klioqram heroin gürcü gömrükçülər tərəfindən ələ keçirildi. Bu hadisədən sonra ölkəmizdə istər Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidməti (DSX), istər də Daxili İşlər Nazirliyi (DİN) tərəfindən narkotacirlərə qarşı çoxsaylı əməliyyatlar baş verdi və külli miqdarda narkotik aşkarlandı.
Məsələn, sentyabrın 29-da Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "90-BJ-616" dövlət qeydiyyat nişanlı avtomobillə həmin istiqamətə hərəkət edən Xaçmaz rayon sakinləri – 1987-ci il təvəllüdlü Mövsümov Elşad Ramin oğlu və 1997-ci il təvəllüdlü Rəhimov Murad Mehman oğlu şübhəli şəxs qismində saxlanıldı. Onlar əraziyə ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəni götürmək məqsədilə gəldiklərini etiraf etdilər.
Oktyabrın 2-də isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alındı. Belə ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə keçirdiyi sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə olan marixuana və 1490 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürüldü.
Eyni gündə Səbail rayonunda keçirilən əməliyyat zamanı isə İran vətəndaşları olan narkotacirlərlə əlbir olan 1979-cu il təvəllüdlü, əvvəl məhkum olunmuş Arif Yusifov yaxalandı və ondan 20 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlandı.
İki gün sonra - oktyabrın 4-də Xəzər dənizi vasitəsilə 510 kq narkotikin ölkəmizə keçirilməsinin qarşısı alındı.
Oktyabrın 7-də Nəsimi rayonunda əvvəllər məhkum olunmuş iki narkotik alverçisindən 7 kiloqramdan artıq narkotik götürüldü.
Oktaybrın 7-də Horadiz istiqamətində xidməti ərazidən 22 kiloqramdan artıq marixuana aşkarlanıb götürüldü. Amma burada marixuananın sahibinin ortalığa çıxarılıb-çıxarılmaması haqda məlumat verilmədi.
Oktyabrın 7-də İrandan Rusiyaya çay aparan avtomobildə 105 kq 800 qr marixuana aşkarlandı.
Oktyabrın 9-da Astarada keçmiş məhkumdan 55 klioqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, metamfetamin və tiryək aşkarlandı.
Oktyabrın 11-də Masallıda iki narkokuryer 16 kq marixuananı evakuatorla daşımaq istəyərkən tutuldu.
13 oktyabrda yenə Horadiz istiqamətində 12 kq 660 qram marixuananın PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alındı…
Burada haşiyə çıxaraq qeyd edək ki, nə hikmətdirsə, PUA və dəniz yolu ilə gətirilən narkotiklər (əsasən marixuana, və M-40 həbləri, bəzən də metamfetamin) ələ keçirilir, amma sərhəddi keçib “düz yolla” gedən heroin yüklü TIR-lar qarşısı kəsilmədən təyinat nöqtəsinə çatırlar.

Davam edək. Oktyabrın 15-də məlumat verildi ki, DTX ilə DSX birgə əməliyyat keçirib, narkodiler Vaqif Hüseynov Beyləqan rayonunda İrandan keçirilmiş 26 kiloqrama yaxın marixuana və 2520 ədəd metadon həblərini götürərkən saxlanılıb.
14 oktyabrda iranlı narkotacirin PUA vasitəsilə Astara sakini keçmiş məhkum Rövən Axundzadəyə göndərdiyi 4 kiloqrama yaxın marixuana aşkarlandı.
Oktyabrın 23-də Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alındı və 35 kiloqram marixuana götürüldü.
Həmin gün Lənkəran rayonunda qayda pozan sürücü saxlandığı zaman isə onun avtomobilində 1000 ədəd psixotrop tərkibli metadon həbi, narkotik vasitə tiryək və marixuana aşkarlandı. Məlum oub ki, həmin şəxs əslində narkotik satışı ilə məşğul imiş.
24 oktyabrda Sabunçu rayonunda narkokuryerliklə məşğul olan Ağamir Mirələmzadə 11 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana ilə saxlanıldı.
Eyni gündə - 24 oktyabrda DSX ilə DİN birgə əməliyyatla 14 kiloqram 100 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısını aldı.
30 oktyabrda Bakının Nizami rayon polisi iki narkokuryerdən 66 klioqram 325 qram marixuana və metadon həbləri aşkarladı.
31 oktyabrda Astarada keçmiş məhkum olan narkotacir Xurşidovda 27 klioqram marixuana aşkarlandı.
Bu məlumatları sadalamağımızın məqsədi baş verənlərin aydın mənzərəsini yaratmaqdır. Diqqət etdinizsə, aşkarlanan narkotikin əksər hissəsini marixuana təşkil edir. Elə oktyabrın 7-də Rusiyaya çay aparan avtomobildən də çıxan narkotik marixuana oldu. Qalan yeri isə metamfetamin, həşiş, tiryək və s. tutur. Digər tərəfdən isə həbs edilənlər narkokuryerlərdir.

Maraqlıdır ki, Gürcüstana daşınan 200 kiloqram heroin xəbərinin ardınca oktyabrın 2-də Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə açıqlamada İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığına şərait yaradan vəzifəli şəxslər ifşa olunduğunu bəyan etdi. Məlumatda qeyd olundu ki, istintaqla Dövlət Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov və həmin şöbəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Etibar Hatəmli və İran vətəndaşı Jafar Rezeyan ilə qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə aralarındakı razılaşmaya uyğun sonuncunun İrandan əldə etdiyi ümumilikdə 400 min manat dəyərində dövlət qeydiyyatından keçməyən, o cümlədən tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələrini və aksiz markasız tütün məmulatlarını gömrük nəzarətindən kənar keçirib Azərbaycan ərazisində aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib. 200 kiloqramlıq heroin yükünün də Biləsuvar Gömrük Məntəqəsindən daxil olaraq, daha sonra “Sınıq Körpü” Gömrük Məntəqəsindən Gürcüstana maneəsiz keçdiyini nəzərə alsaq, təxmin edə bilərik ki, bu məntəqənin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynova verilən həbs cəzasının əsas səbəbi heroin yüküdür. Eləcə də həmin şöbəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin instruktor-kinoloqu Asif Hacımuradov haqda eyni təxminləri etmək olar.
Amma sanki 200 kiloqramlıq heroin yükünün tranzitinin əsas müəllifləri ört-basdır edilir. Buna ard-arda oktyabrın 3-də Naxçıvandan Türkiyəyə aparılan külli miqdarda 410 min AZN dəyərində 5 kiloqram heroinin (hansı ki, sözügedən narkotik vasitənin İrandan gətirildiyi və Naxçıvan üzərindən Türkiyəyə keçirilməsinə cəhd olunduğu bildirilirdi) Dilucu Gömrük Məntəqəsində ələ keçməsini və 23 oktyabrda da böyük ehtimalla yenə Azərbaycandan keçən İran TIR-larında qara bazar dəyəri 80 milyon dollarlıq 250 kq heroinin tutulmasını misal göstərə bilərik.
Gürcüstan İran TIR-larına nəzarəti gücləndirdiyi üçün yük maşınlarının Naxşıvan vasitəsilə keçməsi daha “əlverişli”dir. Yeri gəlmişkən, sonuncu dəfə - 250 kq heroin aşkarlanan zaman Gürcüstan DİN heroinin İran mənşəli olduğunu etiraf etsə də, “ölkələr arasında münasibətlərin korlanması” nüansına görə detalları “çox da açıb-ağartmadı”.
Gürcüstan mediası da sözügedən narkotik vasitələrin Azərbaycandan keçirildiyini xəbər verdi. Həmçinin, yerli saytlara bu haqda açıqlama verən etibarlı qaynaqlar da sözügedən narkotikin Biləsuvar Gömrük Məntəqəsindən Azərbaycana daxil olduğunu və “Sınıq Körpü” vasitəsilə ölkədən çıxış etdiyini iddia etdilər.
Maraqlıdır, izlər yenə bizim sərhəd və gömrük qurumlarına çıxdığı halda, Gürcüstan DİN açıq danışmağın kimin xoşuna gəlməyəcəyindən ehtiyat edir?!
Narkotik axtaran itlərdən necə istifadə olunur?

Dövlət Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun həbsinə gəlincə, bilirik ki, narkotik vasitələrin aşkarlanmasına təlim görmüş itlərdən də istifadə edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan qurumlardan biri Kinoloji Mərkəzdir. Mərkəzin 13 xidməti iti var. Bu itlərdən 4-ü Biləsuvar gömrük postunda narkotik vasitə-məhz heroinin aşkarlanmasında istifadə edilib.
Məsələn, 2021-ci il 15 sentyabr tarixində Biləsuvar gömrük postunda yük nəqliyyat vasitəsinə təlimçi tərəfindən "Qraf" ləqəbli xidməti it tətbiq edilib. Xidməti itin reaksiyası nəticəsində yük avtomobilinin qoşqusunda olan 21 paletin 6-da, ümumilikdə 105 ədəd 10 litrlik metal qabların hər birinin içərisində şəffaf paketə qablaşdırılmış, maye halında, ümumilikdə çəkisi 527 kq 600 qram olan narkotik vasitə - heroin aşkar edilib.
2020-ci il 29 may tarixində Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçməklə Avstriya Respublikasına gedən 2 ədəd yük avtomobillərinə "Belıy" və "Oskar" ləqəbli xidməti axtarış itləri tətbiq edilib. Xidməti itlər reaksiya verdiyi üçün həmin avtomobillər rentgen qurğusunda yoxlanılıb. Baxış zamanı hər iki avtomobilin qoşqusunun sol tərəfində düzbucaqlı formalı yanacaq çənlərinin sonradan kustar üsulla iki hissəyə bölündüyü, həmin hissələrdən birində gömrük nəzarətindən gizlədilmiş tünd qəhvəyi rəngli, kəskin qoxuya malik, tərkibindəki heroin narkotik vasitəsinin ümumi çəkisi 281 kq 435 qram olan 731 litr məhlul aşkar edilib.
2019-ci il 27 noyabr tarixində Biləsuvar gömrük postunda İran İslam Respublikasından Ukraynaya "süni dəri" yükü aparan "Renault" markalı yük avtomobilinə gömrük baxışı keçirilməsi üçün "Lüsi" ləqəbli xidməti it tətbiq olunub. Xidməti it avtomobilin qoşqusunda olan süni dəri rulonlarına reaksiya verib. Baxış keçirilən zaman ümumilikdə 560 rulon süni dəri yükündən 288 ədədinin daxilində olan silindr formalı kapron borunun içərisində gömrük nəzarətindən gizlədilmiş, şəffaf polietilen paketə yerləşdirilmiş, ümumi çəkisi 304 kq 154 qram olan narkotik vasitə - heroin aşkar olunub.

2020-ci ilin 23 aprel tarixində Biləsuvar gömrük postunda yük avtomobilinə "Belıy" ləqəbli xidməti it tətbiq edilərkən itin verdiyi reaksiyaya əsasən avtomobilin qoşqusunda olan paletlərə yığılmış "alçipan" yükünün ön hissəsində, paletlər ilə qoşqunun ön divarı arasındakı boşluqda gömrük nəzarətindən gizlədilmiş, üzərində müxtəlif adlar yazılan 7 ədəd müxtəlif ölçülü bağlamalarda ümumi çəkiləri 8 kq 557 qram olan narkotik vasitə - heroin və 3 kq 241 qram psixotrop maddə - metamfetamin aşkar edilib.
Beləliklə, görünür, Gürcüstanda aşkarlanan heroinin “sağ-salamat” təyinat nöqtəsinə gedib-çatması və xidməti itlərin heroindən “duyuq düşməməsi” üçün instruktor-kinoloq Asif Hacımuradov ya xüsusi canfəşanlıq edib, yaxud ona bu barədə xüsusi tapşırıq gəlib. Hər halda 2-ci versiya daha məntiqlidir, çünki bu iki aidiyyatı şəxs tutduğu vəzifədən uzaqlaşdırılandan demək olar ki, bir ay sonra oktyabrın 23-də yenidən Azərbaycandan Gürcüstana keçən İran TIR-ında 80 milyon dollarlıq 250 kq heroin aşkarlandı. Deməli, həbs edilən bu iki şəxs sadəcə “icraçı fiqurlar”dır.
Eləcə də oktyabrın 3-də Naxçıvandan Türkiyəyə aparılan külli miqdarda 410 min AZN dəyərində 5 kiloqram heroinin Dilucu Gömrük Məntəqəsində ələ keçdiyinə göz atsaq, belə anlaşılır ki, Dövlət Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov və həmin şöbəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin instruktor-kinoloqu Asif Hacımuradov kimi “kadrlar” elə Naxçıvan gömrüyündə də “iş başındadırlar”.
Daha bir nüans. 23 oktyabrda Gürcüstanda aşkarlanan 250 kiloqramlıq heroinin Gürcüstan-Türkiyə sərhədində yerləşən Sarp Keçid Məntəqəsi yaxınlığında, sentyabrın 27-də Naxçıvandan Türkiyəyə aparılan 410 min AZN-lik 5 kq heroinin İğdır Dilucu Gömrük Məntəqəsində, noyabrın 1-də 62 milyon 185 min dollarlıq 721 kiloqram maye metamfetaminin əməliyyat nəticəsində Ağrı vilayətində yerləşən "Gürbulak" keçid məntəqəsində ələ keçirilməsi də onu deməyə əsas verir ki, “mövzu sıradan deyil”. Bizim rəsmi qurumlardakı “bəzi zat”lar beynəlxalq narkomafiyanın təsirindədirlər, yaxud "tərəfdaş"dırlar.

Bəs Azərbaycanda tutulmayıb, Gürcüstan və Türkiyədə ələ keçən narkotik onu deməyə əsas verirmi ki, həmin “zat”lar ümumi tranzitdən “ölkəmizə heroin payı ayırmır?”. Sözsüz ki, yox. Yəqin ki, onlar imkanlı gənclərimizə də bu narkotikdən pay düşməsinin “qeydinə qalırlar”. Hələ Gürcüstan DİN-nin heroin tranzitinin Azərbaycandan keçdiyini etiraf etməyə çəkinirsə, məntiqlə burada uzun müddət dövlət qurumlarına sızmış, orada möhkəm oturmuş nüfuzlu şəxs, yaxud qrupdan söhbət gedir.
Hazırda ölkədə təmizlənmə dalğasına start verildiyinə görə, inanmaq olar ki, dövlət qurumlarında oturmuş xəyanət şəbəkəsini də ifşa etmək mümkündür. Əgər Ramiz Mehdiyevin dövlətə xəyanət işləklərini açıb ortaya çıxarmaq mümkün olubsa, narkoşəbəkəni də ifşa etmək olar. Geriyə bunu istəmək və qərar vermək qalır.
Rusiya və İranın son 30-35 illik dönəmdə bizə qarşı münasibəti göz qabağındadır. Elə indi də vəziyyət fərqli deyil. Bu iki amillə yanaşı Mehdiyevin dövlətə xəyanət dəstəsinin başında durduğunu nəzərə alsaq, təxmin edə bilərik ki, elə narkoşəbəkənin dövlət qurumları içindəki “icra fiqurları”nı Mehdiyev şəbəkəsinin hələ “papaq altında yatan” kadrlarının sıralarında axtarmaq məntiqlidir.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az