Narkomaniyanın hazırda Azərbaycan cəmiyyətinin ən mühüm problemlərindən biri olduğunu desək, yanılmarıq. Şübhəsiz, vəziyyətin bu həddə çayması bir neçə günün, ayın, yaxud ilin nəticəsi deyil. Bu duruma illər ərzində gəlinib.
Statistik təhlillərə əsasən demək olar ki, hazırkı durum əsasən 2015-ci ildən sonra ölkəmizdə geniş vüsət alıb. Təsadüfi deyil ki, 2015-ci ildə tibb müəssisələrində qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 28 555 nəfər idisə, 2024-cü ildə 40 490 nəfərə çatıb. Bu isə o deməkdir ki, 2024-cü ildə ölkəmizdə hər 100 min nəfərin 396 nəfəri narkotik istifadəçisi olub.
Üstəlik, onu da qəbul etsək ki, real rəqəmlər rəsmi göstəricilərdən təxminən 8-10 dəfə çox olur, deməli, ölkəmizdə narkomanların sayı 323-400 min nəfər civarındadır.
Yeri gəlmişkən, real rəqəmlərin rəsmi göstəriciləri 8-10 dəfə aşması Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsidir. Yəni burada hansısa yalnışlıqdan, yaxud şişirtmədən söhbət gedə bilməz.

Yuxarıdakı rəqəmlərdən mənzərənin heç də ürəkaçan olmadığı görünür. Doğrudur, bu vəziyyətdən çıxış yolu kimi maarifləndirmə ön plana çəkilir. Maarifləndirmə əhalinin bütün təbəqələrinə ünvanlansa da, uşaq və yeniyetmələrə, onların valideyinlərinə xüsusi vurğu edilməlidir. Xüsusən uşaqlıqdan yeniyetməliyə keçən fərdlərə.
Uşaqlara gəlincə, burada onların valideynlərinə yardım göstərilməlidir. Xüsusən də ona görə ki, övlad sahibi olmuş hər kəs heç də həmişə necə valideynlik edəcəyini bilmir, çünki bütün insanlar pedaqoji bilgilərə, bacarıqlara sahib olmur.
Bu məsələnin önəmli mərhələsi bir neçə ildən sonra ailə qurmağa, valideyn olmağa namizəd olan gənclərə bilgilərin aşılanmasıdır. Əgər məsələnin mahiyyətinə varıb, onun kökündən çözməyi düşünürüksə, bu bilgiləri, dəyərləri gənclərə vaxtında ötürməliyik.

Bundan başqa, fərdlərin ailə qurmağa hazır olan psixoloji yetkinliyini “ASAN Xidmət” qurumlarında bir proses kimi təşkil etmək olar. Əgər evlənmək istəyən şəxslər tibbi yoxlamadan keçirilirsə, onların psixoloji hazırlığı da test oluna bilər. Hər hansı çatışmazlıq, problem olduğu təqdirdə, onlara təlimlər keçilərək yardım edilməlidir. Problemin bu qismini vaxtında müdaxilə ilə, yəni insanları gənc yaşda müxtəlif vəsait-vasitələrlə tərbiyələndirmək, təlimləndirmək, onları testdən keçirməklə yoluna qoymaq olar.
Amma, necə deyərlər, iş işdən keçibsə, prosesə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyinin iştirakı ilə məktəblərdə müdaxilə edilməlidir. Gözləsək ki, cəmiyyətdə nələrsə öz-özünə düzələcək, böyük yanlışlığa yol verərik. Maarifləndirmənin mahiyyəti sistematik erkən xəbərdarlıqdır. Necə ki, südəmər körpəlikdən iməkləməyə, sonra da addımlamağa keçən körpələrə odun onu yandıracağını “cızz” deyə anladırıq, odun təhlükəsini aşılayırıq, narkotiklərin, qumarın, alkoqolun da “cızz” olduğunu aşılamalıyıq.
Narkomaniyanın tüğyan edən rəqəmlərdə əksini tapması maarifləndirmə ilə yanaşı, bir vacib məqamı da qabardır. Bu, məşhur deyimdəki kimi, “beyni ağ kağız kimi təmiz olan” uşaq, yeniyetmə və gənclərimizdə maraq dairəsinin kriminal heyranlığın, narkotik və digər zərərli vərdişlərlə zəbt edilməsinə qədər faydalı bacarıq-vərdişlərlə, keyfiyyətli təhsillə doldurulmasıdır. Çünki müşahidələrdən və statistik rəqəmlərdən görünür ki, narkotikin toruna daha çox təhsilsiz və işsiz şəxslər düşür, nəinki təhsilli, dünyagörüşlü olanlar. Bu amil narkotiklə əlaqədar cinayətkarlıq faktlarında da əksini tapır.

Məsələn, 2024-cü ildə narkotiklə bağlı cinayət törədən 7245 nəfərini 68,6%-i, yəni 4972 nəfərini işsiz və təhsil almayanlar təşkil edir. Həmçinin, narkotiklə bağlı cinayət törədənlərin 22,3%-ni 14-29 yaşlı gənclər təşkil edir, qalanı isə 30 və yuxarı yaşda olanlar, yəni əmək qabiliyyəti olan şəxslərdir, yaşlılar deyil. Əgər əmək vərdişlərinin, zəhmətin uşaq yaşda təbliğatı, işsizlik kimi amillər diqqətə alınaraq məsələyə yanaşılarsa, problemin narkotikə qədər çözülməsi baş verə bilər. Odur ki, məsələyə bir də bu tərəfdən baxmaq faydalı ola bilər.
Hətta uşaqların faydalı vərdişlərə alışdırılmasını məktəbəqədər təhsil proqramına da daxil edə bilərik. Unutmayaq ki, ağac körpə ting olarkən onun əyriliyini düzəltmək mümkündür, böyüyəndən sonra ağacı düzəltmək üçün onu sındırmaq lazım gələcək.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az