Bakıdan Qusara gedib iftar verdi, məscidin qarşısında keçmiş qayınatasını bıçaqladı

Qusarda həyat yoldaşından ayrılan kişi məsciddə keçmiş qayınatasını bıçaqlayıb.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Mucuqoba kəndində baş verib. Qusar rayon sakini Alı Ağayev (soyad şərtidir) bir il əvvəl həyat yoldaşından boşanıb və Bakı şəhərinə köçüb. Təxminən bir il sonra Alı Qusar rayonunun Mucuqoba kəndindəki məsciddə iftar süfrəsi təşkil edib. İftar süfrəsi bitəndən sonra keçmiş qayınatası Rövşən məscidə daxil olaraq onu küçəyə çağırıb. Alı məsciddən çölə çıxarkən Rövşən əlindəki taxta parçası ilə onun baş nahiyəsinə zərbə endirib. Alı dərhal cibindəki bıçağı çıxarıb, Rövşənə zərbələr endirib. Səsə məsciddəki şəxslər çıxıblar və onları ayırıblar.

Hadisə yerinə polis əməkdaşları gəlib, Alı saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Alı Ağayev 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib.