Narkotik istifadəsinin ən təhlükəli nəticələrindən biri inyeksion yolla keçən xəstəliklərdir. Ələlxüsus da QİÇS və hepatit kimi xəstəliklərin geniş yayılma səbəblərindən bir hal-hazırda narkotik istifadəsidir. BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 69-cu sessiyasında QİÇS-ə qarşı mübarizə kontekstində narkosiyasətin islahatı ilə bağlı praktiki rəhbər sənəd təqdim ediblər. Qlobal narkosiyasətdə islahatlar sənədində cəza tədbirlərindən ictimai səhiyyəni gücləndirmək və insan hüquqlarını daha ön plana çıxaran yanaşmaya keçid irəli sürülür və müdafiə olunur. Və bu təşəbbüsün aktuallığı statistika ilə əsaslandırılır.
Bu əsaslardan biri kimi də narkotik inyeksiya edən insanların arasında İİV (İnsan İmmunçatışmazlığı Virusu) riskinin ümumi əhali sayına nisbətlə 14 dəfə çox olması gətirilir. Mütəxəssislər bu fikri irəli sürürülər ki, cinayət ittihamı ilə təqibə məruz qalan istifadəçilər İİV testi, müalicə və zərərin azaldılması proqramına çıxış əldə edə bilmirlər, çünki cinayətkar ittihamı cəmiyyət tərəfindən stiqmanı və social bərabərsizliyi gücləndirir. Ardınca sənəddə dövlətlər üçün yeni narkosiyasətdə yeni 4 istiqamət – məsuliyyətin müəyyənləşdirilməsi, cinayət sanksiyalarının aradsan qaldırılması, könüllü müalicə, ictimaiyyətin iştirakı təklif olundu.
Ilk öncə qeyd edək ki, 2026-cı ilin əvvəlinə olan məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 11.000-dən çox insan (təxminən 11.900) rəsmi olaraq HİV-lə yaşayan şəxs kimi qeydiyyata alınıb. Qeydiyyata alınanların əksəriyyəti kişilərdir (təxminən 70%), yoluxma hallarının əhəmiyyətli bir hissəsi inyeksiya yolu ilə narkotik istifadəsi ilə bağlıdır, baxmayaraq ki, cinsi yolla ötürülmə də geniş yayılıb. Təkcə 2025-ci ildə 1287 yeni HİV hadisəsi qeydə alınıb. HİV ilə yaşayan 10.000-dən çox insan antiretrovirus müalicəsi alır. Yoluxmuş şəxslərin təxminən 70%-i kişilər, 30%-i isə qadınlardır. Ölkədə HİV infeksiyalarının əhəmiyyətli hissəsi inyeksiya yoluyla narkotik istifadəsi ilə əlaqədardır.
BMT-nin yeni narkosiyasətdə islahatla təklifinə gəlincə, sənəddə məsuliyyətin müəyyənləşdirilməsi narkotikin şəxsi istfadə üçün saxlanması ilə satış məqsədilə saxlanmasının dəqiq müəyyənləşməsindən söhbət gedir. Hansı ki, bu müxtəlif ölkələrdə onların qanunvericiliyində nəzərdə tutulmuş ölçü və meyarlar əsasında tənzimlənir. Bu tənzimlənmə narkotik maddələrin çeşidinə görə dəyişir. Yeri gəlmişkən, burada bir nüansı vurğulamaq yerinə düşər ki, Azərbaycanda narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması ilə bağlı cinayətlər narkotikin qanunsuz satışı statsitikasını üstələyir. Vəziyyət 2025-ci ilin yanvar-noyabr dönəmində belə idi: narkotiklə bağlı törədilmiş 7441 cinayət faktının 2403-ü narkotik vasitələrin qanunsuz satışı, 4850-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə bağlı olub. 2026-cı ilin yanvar ayında narkotik vasitələrin qanunusuz dövriyyəsi üzrə törədilmiş ümumi 793 cinayət faktından 162-i narkotik vasitələrin qanunsuz satışı, 630-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə bağlı olub. 2026-cı ilin fevral ayı üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 972 cinayət olub və qanunsuz narkotik satışı göstəricisi 197, narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması göstəricisi isə 774 olub. Rəqəmlərdən elə təəssürat yaranır ki, sanki narkotik alverçiləri narkotik satışı ittihamı ilə tutulmamaq üçün narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması ittihamı ilə özlərini sığortalamağa çalışırlar. Sanki, işlərini özləri ilə müəyyən narkotik ehtiyatı daşımaqla aşırmağa çalışırlar. Çünki Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırsa, 234.2-ci maddəyə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cəhətdən narkotik alverçiləri 3-7 ilədək həbsdə qalmaqdansa, 1 ildən 3 ilədək həbslə işlərini yüngülləşdirməyə imkan tapırlar. Amma əlbəttə ki, narkotik maddələrin xeyli, külli və xüsusilə külli miqdar hədlərini gözləməklə. Ola bilsin ki, bu baxımdan narkotikin şəxsi istifadə üçün saxlanması və satış məqsədilə saxlanması arasında sərhədin dəqiqləşməsi yaxud miqdarın daha da azaldılmasına yenə baxıla bilər. Və bu da danılmazdır ki, istifadəçilər ehtiyac olduğu zaman pul qarşılığında narkotiki bir-biri ilə paylaşırlar, bunu da yəqin ki, pusluz etmirlər. Təbii ki, bu da satış hesab oluna bilər. Bu baxımdan ölkəmizdə də bu yöndə addımlar atıla bilər.
BMT-nin sənədində bəhs edilən ikinci təklif cinayət sanksiyalarının aradan qaldırılması, kiçik, zorakılığa səbəb olmayan inzibati/qanun pozuntularının dekriminallaşdırılması və alternativ tədbirlərin tətbiqidir.
Onsuz da Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Həmçinin, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Yəni narkotik istifadəsinə görə cəza yalnız şəxsin saxladığı miqdar şəxsi istehlak miqdarından artıq olduqda onu gözləyir, məntiqlə şəxsi istifadədən artıq miqdarın saxlanmasının satış məqsədindən başqa məntiqli izahı yoxdur. Digər tərəfdən, BMT sənədində söhbət gedən təklifin narkotik satmaqla minlərlə şəxsi bataqlığa salan, onları QİÇS, hepatit kimi xəstəliklərin qurbanına çevirən, sintetik opioidlərlə sağlam insanların daxili orqanlarını sıradan çıxaran ölüm alverçilərinə tətbiq edilməsi hansısa mənitqə sığırmı? Onlar bu əməli şüursuz şəkildə törədirlər? Onların bu əməlinə hansısa əsasla bəraət qazandırmaq olarmı?
BMT-nin digər təklifi könüllü müalicədir. Nəzərə alsaq ki, narkotik istifadəçisi sağlam şəkildə düşünə bilmir, onun soyuq ağılla könüllü müalicəyə gedəcəyini ümid etmək sadəlövhlükdür. Belə ki, narkotik asılıdənı öz narkotik istifadə etmək seçimi ilə bağ-başa qoymaq, aşırı dozadan ölümünə, istənilən an cinayət törətməsinə, həbsə düşməsinə göz yummaqdır. Artıq cəmiyyətdə belə bir görüş özünə yer edib ki, narkotik, alkoqol istifadəçiləri və digər asılılığın quluna çevrilənlər xəstədirlər. Asılılıq isə beyin, düşüncə xəstəliyi hesab olunur. Yaxşı, beyni, düşüncəsi xəstə insandan sağlam həyat istəyini, könüllü sağalmaq istəyini necə gözləyə bilərik? Narkotik aludəçilərinin könüllü müalicə istəyinə gələcəyini gözləmək onları ölümə və hər cür pisliyə tərk etməkdir. İstənilən hansısa şəkər, xərçəng və başqa xəstəliyi olan adama – sən könüllü müalicəyə qərar verməlisən- deyirikmi? Xeyr, onun fərqindəyik ki, xəstəliklər insanın sonunu hazırlayır, onu qəbrə aparır. Asılılıq xəstəliyi isə insanı nəinki qəbrə, qəbirdən əvvəl kriminala, cinayətkarlığa, həbsə, daxil orqanlarının çürüməsinə aparır. Elə isə BMT-nin könüllülük prinsipi əsassız deyilmi? Əlbəttə, qəbul edirik ki, asılılıq bir xəstəlikdir, bunun kökündə dayanan, xəstəliyə gətirən amillərin aradan qaldırılmasının zərurətini anlayırıq. Anlayırıq ki, asılılığın kökünə enməli, terapiyanı oradan başlamalıyıq. Qəbul edirik ki, digər xəstələrə humanist yanaşmalı olduğumuz kimi, asılılıq xəstəliyinə də humanist yanaşmalıyıq. Amma onun da fərqində olmalıyıq ki, asılılığın sonu narkotik, alkoqol və s. pis əməllərdirsə, bu əməllərin nəticəsi çox zaman kriminal və cinayətkarlıq olur. Bu səbəbdən insanların narkotik istifadə etmək azadlığı kimi hüququnun olması cəmiyyətə sarsıdıcı zərbə vuran əsassız sərsəmləmədir. LGBT kimi. Ola bilər ki, bu sözümüz kimlərəsə antihumanist fikir kimi görünsün. Amma LGBT kimi, BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 69-cu sessiyasında iştirak edən, HİV-ə qarşı mübarizə kontekstində narkosiyasətin islahatı ilə bağlı təkliflər sənədi təqdim edən UNAIDS, “Narkotik İstifadə Edən İnsanların Beynəlxalq Şəbəkəsi” (INPUD) sağlam cəmiyyətə qarşı parazit mövqeyindən çıxış edirlər. Faktiki olaraq narkotik istifadəsi istənilən an yoluxucu xəstəliyə, kriminala, cinayətə qapı açdığı kimi, narkotik istifadəçiləri də cəmiyyətin deqradasiyasında mühüm rol oynayırlar. Hələ bu bəs deyilmiş kimi, “Narkotik İstifadə Edən İnsanların Beynəlxalq Şəbəkəsi”nin (INPUD) üzvləri HİV epidemiyasından qeyri-mütənasib şəkildə təsirləndiklərindən gileylənirlər, bundan şikayətçidirlər. Məgər sağlam insanlar sizdən narkotik istifadə etməyi, sonra da İİV-na yoluxmağı təvəqqe etmişdilər? 2025-ci il üzrə qlobal hesablamalara görə, inyeksiya yolu ilə narkotik qəbul edən insanların HİV-ə yoluxma ehtimalı əhalinin 15-49 yaş arası yetkin hissəsinə nisbətən 14 dəfə çox olub və bu qrup bütün yeni HİV infeksiyalarının 8%-ni təşkil edir. Təkcə bu fakt narkotik qəbul etmənin narkotik qəbul etməyən insanlarla müqayisədə 14 dəfə çox İİV-na yoluxmaya gətirdiyini göstərir. Steril iynə, şpris proqramları və opioid aqonist əvəzedici terapiya kimi zərərin azaldılması xidmətləri sağlam insanların ödədikləri vergilərin hesasbına təmin edilir. Cəmiyyəti iflic vəziyyətinə salan, cinayətkarlıq, kriminal fonu artıran narkotik istifadəçilərinin eqozimlə davranmağa, ərköyünlük etməyə, cəmiyyəti onların narkotik istifadə etməsinə dözümlü yanaşmağa, istənilən an onlara təhlükə yaratmağa haqqları varmı?
Onsuz da cəmiyyətin sağlam düşüncəli insanları asılılara qarşı anlayışla davranır. Asılılğı xəstəlik kimi qəbul edir. Dövlət müəssisələrində onların müalicəsi sağlam insanların büdcəyə ödədikləri vergi ilə qarşılanır. Cəmiyyətin işləyən hissəsi sağlam insanlardır. Ölkələrin sərhədlərini sağlam insanlar qoruyur. Dövlətin, cəmiyyətin yükü sağlam insanların çiynindədir. Cəmiyyətin sağlam hissəsi onları gözümçıxdıya salmamaq, onların sağalmaq və yenidən həyat şansını əllərindən almamaq naminə fədakarlıq edərkən, istifadəçilərin öz əməllərinə “narkotik istifadə etmək azadlığı” pəncərəsindən baxmağa, digərlərini kriminal cinayətkarlıq əməllərinə qurban etməyə, eqozimlə davranmağa haqqı yoxdur. Bu sağlam cəmiyyətə, asayişə meydan oxumaqdır. Yeri gəlmişkən, keçmiş narkotik istifadfəçiləri söhbətlərində tez-tez istifadə dövründə eqoist olduqlarını etiraf edirlər.
Başqa tərəfdən, qlobal təşkilatların bir sıra məsələlərə yanaşması qeyri-adekvatdır. Məsələn, BMT-nin Qarabağ məsələsində 30 il sürən fərasətsizliyi gözümüzün qarşısında baş vermədimi? Beynəlxalq təşkilatlar ikili standartlarla hərəkət etmirlərmi? Azərbaycan BMT-nin, ATƏT-in 30 illik fəaliyyətsizliyndən sonra Qarabağda tarixi ədaləti bərpa etmədimi? ÜST-nin dizayn etdiyi COVİD-19 pandemiyasında insanlara mənşəyi bəlli olmayan vaksinlər sırınmadımı? Başqa ölkələrin daxili işlərinə qarışan USAİD təşkilatını prezident Tramp özü qapatmadımı? Yəni qlobal təşkilatların diqtə etdiyi proqramlar və prinsiplər hər zaman ədalətli, humanist olmaya bilir. Qlobal məsələlərdə nə hökmünün keçərliyi, nə diqtə etdiyi prinsipləri reallaşdırma gücü qalmayan BMT-nin təklif etdiyi çıxış yollarının effektivliyi, məntiqə uyğunluğa nə qədər ağlabatandır? Bir zamanlar dünyanın əsas gündəminə LGBT hərəkatı gətirlidi. Məqsəd bu qısır sərsəmləməyə insanların münasibətinin normallaşdırılması, tolerantlığın bərqərar olması idi. İndi isə eyni addım QİÇS-ə yoluxmanın artması fonunda narkotik cinayətləri törədənlərə qarşı yumşalmanın gərəkliliyi istiqamətində atılır. Sanki narkotik istifadəçilərinin QİÇS-ə yoluxmasında sağlam düşüncəli insanlar günahkardır. Amma kiminsə gicgahına silah tuşlayıb narkotikin dadına baxmağa məcbur etmirlər, eləcə də kiminsə başına silah dayayıb QİÇS-ə yoluxmağa məcbur etmirlər. Narkotik istifadə edənlərin bu əməlinin günahı sağğlam insanlarda deyil, onların özündədir. Elə isə hər kəs öz əməlinin, xəstəliyinin məsuliyyətini daşımalıdır.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az