Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində Xəzər dənizində yüzlərlə nadir heyvan məhv olub.
Alimlər bunun əsas səbəblərindən birinin dənizə düşən nasaz raketlər və onların yaratdığı kimyəvi çirklənmə olduğunu bildirirlər.
Xəzər dənizində nadir canlı növü sayılan Xəzər suitilərinin (nerpaların) kütləvi şəkildə məhv olması ilə bağlı ciddi iddialar səsləndirilib.
Bu barədə “Tuzlov limanları” Milli Təbiət Parkının elmi-tədqiqat şöbəsinin müdiri, biologiya elmləri doktoru İvan Rusyev açıqlama verib.
Onun sözlərinə görə, bu suiti növü yalnız Xəzər dənizində yaşayan endemik canlıdır və təkcə 2025-ci ildə 2 min 212 ölü heyvan aşkarlanıb.
Alim bildirib ki, 2026-cı ilin mart-aprel aylarında Xəzər dənizində 2025-ci ildə olduğu kimi, yenə də müharibə səbəbindən yüzlərlə heyvan tələf olub.
Rusyevin sözlərinə görə, heyvanların məhv olmasına əsasən nasaz raketlərin dənizə düşməsi, Tu-95MS strateji bombardmançılarının mühərriklərinin yaratdığı güclü səs-küy və digər texnogen amillər səbəb olur. Bu proseslərin vaxt baxımından Qazaxıstan və Dağıstan sahillərinə yüzlərlə ölü suitinin çıxması ilə üst-üstə düşdüyü vurğulanıb.
Tədqiqatçı qeyd edib ki, mart-may aylarında Xəzər dənizi ətrafında Rusiya ordusunun yüksək hərbi aktivliyi müşahidə olunub. Bu müddətdə Ukraynaya qarşı raket zərbələri endirilib və eyni zamanda akvatoriyada ciddi çirklənmə yaranıb.
Xüsusilə, Rusiyanın Tu-95MS bombardmançıları bu bölgədən X-101 qanadlı raketlərini buraxmaq üçün istifadə edib.
Rusyev “Niyə məhz Xəzər?” sualına belə cavab verib:
“Rusiya üçün Xəzər həm də sığorta rolunu oynayır. Əgər X-101 raketinin mühərrikində nasazlıq yaranarsa, raket dənizə düşür və Saratov və ya Həştərxan vilayətlərində yaşayış evlərini dağıtmır”.
Alimin sözlərinə görə, dənizə düşən raketlər ekoloji fəlakət yaradır. Nasaz raketlərin içərisindəki toksik yanacaq və sürtkü materialları suya qarışaraq canlıların həyatına təhlükə törədir. Bu maddələr suitilərdə qıcolma, koordinasiya pozuntusu, iflic və ağır zəhərlənmə nəticəsində sürətli ölümə səbəb olur. Hətta kiçik dozalar belə heyvanların qaraciyərinə, böyrəklərinə və tənəffüs yollarına ciddi zərər vurur.
Bundan əlavə, “Kalibr” tipli dəniz bazalı raketlərin bərk yanacaq gücləndiricilərinin də suya düşdüyü qeyd olunur. Tərkibində perxloratlar və alüminium birləşmələri olan yanacaq qalıqları balıqların qəlsəmələrini yandırır, dəniz məməlilərində isə sistemli zəhərlənməyə səbəb olur.
Rusyev vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi təkcə Ukraynanın quru ərazilərində və Qara dənizdə deyil, həm də Xəzər dənizində genişmiqyaslı ekosidə çevrilib.
![]()
Alim bildirib ki, son yüz ildə Xəzər suitilərinin sayı 90 faizdən çox azalıb. Əgər XX əsrin əvvəllərində onların sayı 1 milyondan artıq idisə, hazırda müxtəlif hesablamalara görə cəmi 70-100 min arasında qalıb və azalma davam edir.
Bu səbəbdən növ beynəlxalq “Qırmızı siyahı”ya daxil edilib və “həssas növ” statusu alıb.
Qeyd edək ki, İvan Rusyev daha əvvəl də Rusiyanın Ukraynaya hücumu nəticəsində Qara dənizdə 50 minə yaxın delfinin tələf olduğunu açıqlayıb. Onun sözlərinə görə, bəzi quş növləri də qoruq ərazilərini tərk edib və Odessa vilayətinə bir daha qayıtmayıb.
Alim vurğulayıb ki, 2022-ci il fevralın 24-dən sonra Rusiyanın hərbi fəaliyyəti regionun təbiətinə ağır zərbə vurub. Minlərlə ölü delfin “Tuzlov limanları” ərazisində, Odessa çimərliklərində və digər bölgələrdə aşkar edilib. Daha əvvəl nə Rusiya sahillərində, nə də işğal olunmuş Krımda bu qədər ölü delfin qeydə alınmayıb./musavat.com