Balıqçıların axtarışı üçün İrandan yardım istənilib? - RƏSMİ AÇIQLAMA

Dekabrın 9-u axşam saatlarında Xəzər dənizinin Astara rayonu istiqamətində iki balıqçı itkin düşüb. Rayonun Şahağac kəndi ərazisində balıqçılar dənizə çıxıb və geri qayıtmayıblar. İtkin düşənlər - 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

Maraqlıdır ki, coğrafi yaxınlıq və axtarışların uzanması səbəbilə balıqçıların tapılması istiqamətində rəsmi qurumlar tərəfindən qonşu İran tərəfinə yardım üçün müraciət edilibmi?

Modern.az məsələyə aydınlıq gətirmək üçün Fövqəladə Hallar Nazirliyinə müraciət edib.

Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, axtarışlar qurumun öz resursları hesabına aparılır:

"Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən müxtəlif istiqamətlərdə davam etdirilir".

Qeyd edək ki, itkin düşmüş Ağadədə Həsənovun əmisi Sübhan Həsənov dövlət qurumlarından qonşu ölkələrlə əlaqə yaradılaraq Turan və Ağadədənin tapılması istiqamətində işlərin genişləndirilməsini xahiş etmişdi.