"Səhərə qədər yer qazmışam" - Ərini öldürüb həyətdə basdıran qadın məhkəmədə danışdı / FOTO

Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən ilk iclasda zərərçəkmiş şəxsin hüquqi varisi Cəmilə Əliyeva qısa çıxış edib. 

O təqsirləndirilən şəxsin keçən dəfəki prosesdə çıxışına münasibət bildirib:

"Mənim oğlum nə narkotika istifadəçisi, nə də satışı ilə məşğuldur. Məhkəmənin də qərarı var ki, onun qanından heç bir narkotik vasitə çıxmayıb". 

Daha sonra təqsirləndirilən şəxs hakimin suallarına cavab olaraq yarımçıq qalmış çıxışını davam etdirib: "Mən onu öldürəndə özümdə deyildim. Bir neçə saat stresdən çöldə qalmışam. Qızımı döyüb, dəfələrlə barmağını sındırıb. Məni dəfələrlə döyürdü. Mən onu basdırdığım yerə nə gül əkmişəm, nə də stop işarəsi qoymuşam. Uşaq yatmamışdan qabaq mərhum silahı yağlayırdı. Balaca oğlum da silahı görüb. O, məni dizi ilə vuranda özümdən getmişdim. Ayılanda gördüm ki, silah tam hazır vəziyyətdə stolun üstündədir. Hər ikimiz narkotika qəbul etmişdik".  

Hakim: "O, nə üçün üzü divara oturub sizdən silahını gətirməyini istədi? Çünki cinayət işində faktlar var ki, güllə onun sinəsindən dəyib" . 

Təqsirləndirilən şəxs: "O, mənə ağıza alınmaz söyüşlər söydü silahı ona tərəf gətirdi. O yerindən qalxıb divanda oturdu. Fikrimi tam çatdıra bilmirəm". 

Təqsirləndirilən şəxs deyib ki, mərhumu mələfə ilə büküb və qolundan tutaraq klonkanın üstünə yıxdı: "Meyitin üstündəki mələfəyə bir iki yerdə bərk skoçladım ki açılmasın. Səhərə qədər yer qazmışam. Meyitin ayaqlarından tutub evin içindən qazdığım yerə apardım. Onu basdırandan sonra evə keçib qan olan yerləri sildim. Metr yarımlıq divanı sökdüm və bir neçə dəfəyə araba ilə apardım zibilə atdım. Qana bulaşmış xalçanı da atdım. Silahı da üç yerə bölüb bulvarda dənizə tulladım". 

Məhkəmənin ilk baxış iclası aprelin 9-na təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb./"unikal"

"Səhərə qədər yer qazmışam" - Ərini öldürüb həyətdə basdıran qadın məhkəmədə danışdı (FOTO)