Fərhad Məmmədov: “Bu sözlərin kameralar qarşısında səsləndirməsi Moskvanın İrəvana qarşı "açıq şantaj" dövrünə keçdiyini göstərir”
“Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya son işçi səfəri sıradan bir diplomatik görüş deyil, regionun gələcək taleyini müəyyən edən geosiyasi qarşıdurmanın "vitrini" oldu”.
Bu barədə politoloq Fərhad Məmmədov dünən Moskvada baş tutan Vladimir Putin-Nikol Paşinyan görüşünün nəticələrini şərh edərkən bildirib.
Ekspert vurğulayıb ki, mayın əvvəlində gözlənilən Aİ-Ermənistan sammiti ərəfəsində baş tutan bu görüşdə tərəflər bütün kartlarını masaya qoydular.
“Rusiya Prezidenti Vladimir Putinin adətən qapalı qapılar arxasında deyilən sözləri kameralar qarşısında səsləndirməsi Moskvanın İrəvana qarşı "açıq şantaj" dövrünə keçdiyini göstərir”, - o qeyd edib.
F.Məmmədov bildirir ki, görüşün ən diqqətçəkən məqamı diplomatik etiketlərin kənara qoyulması idi: “Putin əlindəki qeydlərə əsaslanaraq, əslində Ermənistandakı ruspərəst müxalifət və Rusiya mediası üçün növbəti seçki kampaniyasının yol xəritəsini cızdı. Putinin birbaşa "ruspərəst qüvvələr" ifadəsini işlətməsi Kremilin Ermənistanın daxili siyasətinə müdaxilə etmək niyyətini gizlətmədiyini sübut etdi”.
Politoloq Kremlin əsas şantaj rıçaqlarınıə belə xarakterizə edib:
“Kənd təsərrüfatı ixracı: Putin Ermənistanın ixracatını Azərbaycanla müqayisə edərək dolayısı ilə mesaj verdi: "Bazarımızı bağlasaq, məhsulunuz əlinizdə qalacaq".
Qaz “kartı”: Avropadakı yüksək qiymətlərlə Ermənistana verilən "güzəştli" qiymətin müqayisəsi Ermənistan iqtisadiyyatının enerji asılılığının xatırladılması idi.
Aİİ asılılığı: Ermənistan iqtisadiyyatının Avrasiya İqtisadi İttifaqı ilə sıx bağlılığı Paşinyanın Qərbə inteqrasiya planlarına qarşı əsas maneə kimi qabardıldı.
Fərhad Məmmədov vurğulayır ki, Putinin görüşün sonunda milyarder Samvel Karapetyanın azad edilməsini və onun partiyasının seçkilərə buraxılmasını açıq şəkildə istəməsi görüşün kulminasiya nöqtəsi idi: “Bu, Moskvanın Ermənistanda öz "vəkilini" hakimiyyətə gətirmək və ya ən azı parlamentdə güclü yer qazanmaq istəyinin təzahürüdür. Nikol Paşinyan bu təzyiqlər qarşısında geri çəkilmədi və öz cavab taktikasını nümayiş etdirdi. O, Aİ və Aİİ-nin bir yerdə mümkün olmadığını etiraf etdi, lakin "vaxtı gələndə xalq qərar verəcək" deyərək məsuliyyəti və qərarı referendumun, yəni xalqın üzərinə yıxdı. Paşinyanın Ermənistanda sosial şəbəkələrin tam azad olduğunu vurğulaması, söz azadlığının məhdud olduğu Rusiyaya qarşı çox sərt və "incə" bir toxunuş idi”.
Politoloqun sözlərinə görə, görüş göstərdi ki, Ermənistandakı arşıdan gələn seçkilər artıq tamamilə geosiyasi xarakter alıb. Rusiya Ermənistandakı resurslarını tam işə salıb və rejim dəyişikliyi üçün bütün iqtisadi və siyasi şantaj metodlarından istifadə edəcək. Kreml bu mübarizəni təkcə Paşinyanla deyil, bütövlükdə Avropa İttifaqı və Qərblə olan böyük qarşıdurmanın bir hissəsi kimi görür.
"Paşinyan isə xalqın dəstəyinə və Qərbin iqtisadi alternativlərinə güvənərək Moskvanın qarşısında durmağa çalışır”, - o qeyd edib./azpolitika.info