"Ukraynaya dair ABŞ ilə son təmaslar amerikalıların Rusiyanın mövqeyini daha dərindən anladıqlarına "ümid verir".
Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İranın Dövlət Televiziyasına verdiyi müsahibədə deyib.
O, ABŞ-nin Ukraynanın NATO üzvü olmayacağına razılaşdığını və həmçinin işğal olunmuş ərazilərin Rusiyaya verilməsini asanlaşdıracağına söz verdiyini bildirib: "İndi biz (müharibənin) ilkin səbəblərini həll etməliyik və amerikalıların bunu başa düşməsi yaxşıdır. Onlar açıq şəkildə bildiriblər ki, (Ukrayna üçün)NATO ola bilməz və rusların əsrlər boyu yaşadığı torpaqlar yenidən Rusiyanın olmalıdır".
Qeyd edək ki, Lavrovun bu məntqindən çıxış etsək, Rusiya Qazaxıstandan Pribaltikaya qədər bir çox ölkələrə qarşı “rusların əsrlərlə yaşaması” bəhanəsilə ərazi iddiası irəli sürə bilər.
Lavrov Rusiyanın digər tələbləri arasında Ukrayna Pravoslav Kilsəsinin və Ukraynada rus dilinin "hüquqlarının bərpası"nı da qeyd edib.
O, həmçinin Rusiyanın hazırkı Avropa rəhbərliyi ilə "müzakirə edəcək bir şeyinin olmadığını" deyib.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Rusiya və Ukraynanın müharibəyə son qoymaq üçün razılaşma bağlamaq "ərəfəsində olduğunu", lakin Moskvanın güzəştə getməyəcəyi şərtlərin qaldığını bildirmişdi. Bunlar işğal olunmuş beş bölgəyə nəzarət və Ukraynada NATO qoşunlarının mövcudluğu ilə bağlıdır./azpolitika.info