UKRAYNA RUSİYANIN SUALTI GƏMİSİNİ VURDU – Dəyəri 500 milyon dollardır / Video

Ukrayna hərb tarixində daha bir ilkə imza atıb.

Stopnarkotik.az "azpolitika"ya istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tarixdə ilk dəfə olaraq Novorossiysk limanında yerləşən Rusiyanın “Varşavyanka” sinifli sualtı qayığını partlatdığını bəyan edib. Rusiya Qara Dəniz Donanması hücumu təsdiqləyib, lakin guya qayığa zərər dəymədiyini iddia edib. Lakin SBU partlayışın videoyazısını paylaşıb və sualtı qayığın ciddi şəkildə zədələndiyini, faktiki olaraq sıradan çıxarıldığını iddia edib.

SBU yazır ki, “Varşavyanka” rusların Ukraynaya zərbə endirmək üçün istifadə etdiyi “Kalibr” raketlərinin dörd buraxılış qurğusunu daşıyırdı. Rusiya ordusu sonuncu dəfə 13 dekabr gecəsi Ukraynaya “Kalibr” raketləri ilə hücum edib, onlardan 16-sını Qara və Xəzər dənizlərindən atıb. Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, onlardan 9-u vurulub. Həmin kütləvi atəş nəticəsində bir milyondan çox insan elektriksiz qalıb. Odessa ikinci gündür ki, su və istiliksizdir.

Üç həftə əvvəl, 25 noyabr gecəsi ruslar Kiyevə onlarla “Kalibr” raketi atıb, nəticədə yeddi nəfər həlak olub, biri uşaq olmaqla 21 nəfər yaralanıb.

Rusiyanın tanınan “Z-müxbiri” Yuri Kotenok Novorossiysk limanından çəkilmiş görüntülərə şərh verib və SBU-nun Rusiya hərbi obyektindən müşahidə kamerası görüntülərinə sahib olduğunu xüsusi qeyd edib: "Burada iki şeydən biri var: ya kamera sınıb, ya da görüntülər tez bir zamanda sızdırılıb. Kim tərəfindən və nə qədərə sızdırılıb, bu başqa bir sualdır".

“Z-hərbi ekspert” Yuri Podolyaka isə etiraf edib ki, dron "lövbər zonasının yaxınlığında" partlayıb və hazırda sualtı qayıqlardan birinə dəyən ziyanın xarakteri müəyyən edilir.

SBU-nun məlumatına görə, 636.3 sinifli "Varşavyanka" sualtı qayığının dəyəri təxminən 400 milyon dollardır (ABŞ Hərbi Dəniz İnstitutunun məlumatına görə, 2009-cu ildə bu dəyər 300 ilə 350 milyon dollar arasında idi). Lakin SBU qeyd edir ki, beynəlxalq sanksiyalar nəzərə alınmaqla, oxşar sualtı qayığın tikintisi hazırda 500 milyon dollara başa gələ bilər.