ABŞ və Ukrayna nümayəndə heyəti arasında danışıqlar başlayıb - YENİLƏNİB / FOTO

Mayamidə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Bu barədə "X" sosial şəbəkəsində Ukraynanın danışıqlar qrupunun rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov məlumat verib.

"ABŞ-də artıq Ukrayna nümayəndə heyətinin amerikalı tərəfdaşlarla görüşü başlayıb. Görüşün məqsədi ədalətli sülhə nail olmaq üçün atılacaq addımları müzakirə etməkdir. Mən Ukrayna Prezidenti ilə daimi əlaqədəyəm. Bizim aydın istiqamətlərimiz və prioritetlərimiz var: Ukraynanın maraqlarının qorunması, məzmunlu dialoqun təmin edilməsi və Cenevrədə əldə olunan irəliləyiş əsasında prosesin inkişafı", – Umerov bildirib.

Onun sözlərinə görə, nümayəndə heyəti Kiyev üçün "həqiqi sülh və etibarlı, uzunmüddətli təhlükəsizlik təminatları" üzərində işləyir.

Görüşün əvvəlində ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, sülh sazişi Ukraynanı suveren, müstəqil və inkişaf edən bir dövlət kimi saxlayacaq.

"Burada söhbət sadəcə müharibənin başa çatmasından getmir, söhbət müharibənin elə bir şəkildə başa çatmasından gedir ki, bu onların müstəqil və suveren olaraq qalmasına, bir daha müharibə yaşamamasına və xalq üçün böyük rifah yaratmasına imkan verəcək mexanizm və yol açır. Bu, sadəcə ölkəni bərpa etmək deyil, fövqəladə iqtisadi tərəqqi dövrünə daxil olmaq deməkdir. Ukraynanın böyük iqtisadi potensialı var, Ukraynanın həqiqi rifah üçün geniş imkanları var. Aydındır ki, bunu müharibənin qızğın vaxtında əldə etmək mümkün deyil, lakin müharibənin bitməsi də kifayət etməyəcək. Ona görə də söhbət sadəcə sülh sazişlərindən deyil, Ukraynanı suveren, müstəqil və çiçəklənən ölkə kimi saxlayacaq irəliləyiş yolunun yaradılmasından gedir", – deyə o bəyan edib.

**

*** 18:05

Bu gün Mayamidə ABŞ və Ukrayna nümayəndə heyəti arasında danışıqlar başlayıb. Danışıqlarda ərazi məsələləri və təhlükəsizlik zəmanətləri ilə bağlı fikir ayrılıqlarının həll edilməsi planlaşdırılır.

Bu barədə "Axios" Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

Ukrayna tərəfini Rüstem Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti Mayamidə qəbul olunur. ABŞ-ı isə xüsusi nümayəndələr Stiv Utkoff və Cared Kuşner, eləcə də dövlət katibi Marko Rubio təmsil edir.