Son zamanlarda yağışlı havalarda avtomobil yollarında yaranan çuxurlar sürücü və piyadalar üçün ciddi problemlər yaradır. Çuxura düşən avtomobillər texniki zərər görür, bəzən isə sıçrayan su yol kənarı ilə hərəkət edən piyadalara dəyir. Bu cür hallarda sürücülərin məsuliyyəti və yolun texniki vəziyyətinə görə kimin cavabdeh olması suallar doğurur.
Stopnarkotik.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, avtomobil yolları mühəndis qurğusu olaraq istismar üçün nəzərdə tutulan bütün norma və tələblərə cavab verməlidir:
“Əgər yol normativlərə uyğun inşa və düzgün istismar edilərsə, nə çuxur olar, nə də su yığılması baş verər. Çuxurları yağış yaratmır. Əsas səbəb yolun keyfiyyətsiz salınması və düzgün istismar olunmamasıdır. Yolların istismarı yüksək səviyyədə təşkil edilməlidir ki, çala və çuxurlar yaranmasın.”
Ekspert qeyd edib ki, bu problemlərin qarşısını almağın əsas yolu vaxtında cari təmirin aparılmasıdır:
“Yol kimin balansındadırsa, dərhal cari təmir aparılmalıdır. Gözləmək olmaz ki, yol tam sıradan çıxsın və 2-3 ildən sonra əsaslı təmir edilsin. ABŞ və Türkiyə kimi inkişaf etmiş ölkələrdə yolun hər hansı hissəsində zədələnmə yaranan kimi dərhal aradan qaldırılır. Cari təmir vaxtında aparılsa, bu problemlər olmaz. Təəssüf ki, hazırda bir çox yollarda su yığılan çuxurlara tez-tez rast gəlinir. Belə yol olmamalıdır.”
Ərşad Hüseynov sürücünün piyadaya su sıçratmasına görə hansı hallarda cərimələnə biləcəyinə də aydınlıq gətirib:
“Sürücü bunu qəsdən edərsə, yəni bilərəkdən piyadaya və ya digər nəqliyyat vasitəsinə su sıçradarsa, məsuliyyətə cəlb olunur. Ancaq yolda çala varsa və avtomobil ora düşdükdə istəmədən su sıçrayırsa, burada sürücünün günahı yoxdur və o, cərimə edilə bilməz”.
Ekspertin sözlərinə görə, Azərbaycanda bu səbəbdən sürücülərin cərimələnməsi halları demək olar ki, yoxdur.
O vurğulayıb ki, yollarda çala və çuxurlar olmamalı, yaranan nasazlıqlar cari təmir vasitəsilə aradan qaldırılmalıdır:
“Yolun istismarına cavabdeh olan qurumlar bu məsələyə görə məsuliyyət daşıyırlar. Əgər avtomobil çuxura düşərək zədələnibsə və ya piyada palçıq-su içində qalıbsa, dəyən zərərə görə məsuliyyət məhz həmin yolun istismarına cavabdeh qurumun üzərinə düşür”.
Ərşad Hüseynov bildirib ki, belə hallarda ilk olaraq polisə məlumat verilməlidir:
“Polis hadisəni araşdırmalı və fakt sənədləşdirilməlidir. Qeyd olunmalıdır ki, avtomobil hansı çuxura düşüb, hansı zərər dəyib. Bundan sonra zərərçəkən yolun istismarına cavabdeh quruma qarşı iddia qaldıra bilər. Əgər zərər könüllü ödənilməzsə, məsələ məhkəmə qaydasında həll olunmalıdır.”
Ekspert xatırladıb ki, sürücülərin və piyadaların hüquq və vəzifələri “Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Avtomobil yollarının istismarı və təmiri isə “Avtomobil yolları haqqında” qanun və Nazirlər Kabinetinin 16 saylı qərarı ilə müəyyən edilir və bu tələblərə hər kəs riayət etməlidir.