Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ildə ölkələrin ümumi dövlət borcunu açıqlayıb.
Məlumata görə, 2025-ci ilin sonunadək dünya ölkələrinin ümumi dövlət borcu 111 trilyon dollara çatacaq.
Hesabatda qeyd olunur ki, qlobal dövlət borcunun üçdə birindən çoxu ABŞ-nin payına düşür. Ümumilikdə isə ən yüksək borc yükü əsasən inkişaf etmiş ölkələrin üzərində cəmləşib. BVF-nin qiymətləndirməsinə görə, bu ölkələr dövlət borcundan iqtisadi artımı dəstəkləmək və fiskal siyasəti stimullaşdırmaq məqsədilə istifadə edirlər.
Dövlət borcu ən yüksək olan 10 ölkə arasında ABŞ 38,5 trilyon dollarla ilk sıradadır. Onu 18,7 trilyon dollar borcla Çin və 9,8 trilyon dollarla Yaponiya izləyir. Siyahıda həmçinin Böyük Britaniya (4,1 trilyon dollar), Fransa (3,9 trilyon dollar), İtaliya (3,5 trilyon dollar), Hindistan (3,4 trilyon dollar), Almaniya (3,3 trilyon dollar), Kanada (2,6 trilyon dollar) və Braziliya (2 trilyon dollar) yer alır.
Qeyd edək ki, Azərbaycanın dövlət borcu 25,9 milyard dollar təşkil edir ki, bu da ölkənin ümumi daxili məhsulunun 19,5 faizinə bərabərdir. Borcun 8,3 milyard manatı (4,9 milyard dollar) və ya 32,8 faizi xarici dövlət borcunun, 17 milyard manatı və ya 67,2 faizi isə daxili dövlət borcunun payına düşür.