Beləliklə, artıq dörd ildir ki, Rusiya böyük itkilər və iqtisadiyyatın geriləməsi hesabına öz ərazisi ilə müqayisədə cüzi miqdarda olan torpaq zəbt edib. Almaniyanın “Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutu”nun eksperti Yanis Kluqenin hesablamasına görə, Rusiya Ukraynada apardığı müharibəyə təxminən 542 milyrd dollar pul xərcləyib. Hələ buraya məhv edilmiş hərbi texnikanın və sənaye obyektlərinin dəyəri daxil edilməyib. Rusiyanın hərbi xərcləri 2021-ci il ilə müqayisədə 300% artıb. Kluqe bildirir ki, Rusiyada toplanan vergilərin 44 faizi, federal büdcə xərclərinin 39 faizi müharibəyə sərf olunub.
Düzdür, müharibənin Rusiya iqtisadiyyatına və onun demoqrafik vəziyyətinə göstərdiyi mənfi təsirlə müqayisədə bu cür ərazi qazanılması demək olar heçnədir. Amma hansısa böyük geostrateji layihələrin yerinə yetirilməsi sxemində Rusiyanın verdiyi və verəcəyi itkilər öz əhəmiyyətinə görə yalnız statistik məlumatlar sırasına daxil ola bilər. Ukraynada gedən müharibə lokal konflikt kimi təqdim edilsə də, artıq o, yavaş-yavaş qlobal xarakter almağa doğru gedir. Şübhəsiz ki, ortada ABŞ-nin müəyyən geostrateji layihəsi var və burada Rusiyanın militarist güc kimi Avropaya qarşı durmasından tutmuş, ABŞ şirkətlərinin Rusiyaya böyük sərmayə yatırmasına kimi çoxsaylı siyasi-iqtisadi maraqlar ön planda dayanır.
ABŞ-nin müharibəni dayandırmaq üçün irəli sürdüyü sülh təklifləri öz mahiyyətinə görə nəinki Ukraynaya, eləcə də Avropaya qarşı yönəlmiş qəsd planıdır. Ona görə də Berlində keçirilən görüş Rusiya üçün sərfəli olan sülh planının reallaşdırılmasına yönələn növbəti cəhd kimi dəyərləndirilməlidir.

Zelenski müəyyən güzəştlərin müzakirə edilməsini istisna etməsə də, Donbasın işğal edilməmiş 5600 kvadrat kilometr ərazisindən Ukrayna ordusunun geri çəkilməsini qətiyyətlə rədd edir. ABŞ və Rusiya istəyir ki, bu ərazilərdə “silahsızlaşdırılmış iqtisadi zona” yaradılsın. Moskva isə Rusiya Milli Qvardiyasının həmin ərazilərə yerləşdirilməsinə çalışır. Əlbəttə, belə bir absurd ideyanın gerçəkləşməsinə Ukrayna heç bir vəchlə razı olmaz.
Son zamanlar bəzi Rusiyapərəst analitiklər Zelenskini hələ 2022-ci ildə Moskvanın şərtlərinə razılaşmamaqda ittiham edirlər. Onlar həmin dövrdəki siyasi-hərbi vəziyyəti təhrif edərək deyirlər ki, guya İstanbul görüşündəki şərtlər Ukrayna üçün indikiylə müqayisədə daha əlverişliymiş. Halbuki, qətiyyən belə olmayıb və Rusiya bu günkündən fərqli olaraq daha ağır tələblər irəli sürürdü.
Zelenski yaxşı bilir ki, Rusiyanın başlıca strateji məqsədi Ukraynanı bir dövlət kimi xəritədən silməkdir. Lakin indiki şərtlər daxilində buna nalil ola bilməyəcəyini anlayan Kreml maksimum güzəşt qoparmaq və sonrakı işğal mərhələsinə hazırlaşmaq barədə düşünür. Çox təəssüf ki, ABŞ da ona bu işdə yardım edir.
Hər necə olsa, indiki ağır dönəmdə nəfəs alması, yenidən toparlanması, daha güclü və uzaqvuran silahlar istehsal etməsi üçün Ukraynaya vaxt lazımdır. Rusiya bunu bildiyi üçün Ukrayna ordusunun kəskin ixtisar edilməsini və uzaqmənzilli raketlərə yiyələnməsini qadağan edən müddəaların sülh müqaviləsinə salınmasını istəyir.
Ukrayna isə təklif edir ki, NATO-ya üzv olmaq əvəzinə kompromis variant kimi onlara NATO-nun 5-ci maddəsinə bənzər Avropa İttifaqı, Britaniya, Türkiyə, ABŞ və Kanada tərəfindən təhlükəsizlik zəmanəti verilsin və bu sənəd həmin ölkələrin prlamentləri tərəfindən təsdiqlənsin.

Doğrusu, dünyadakı siyasi-mənəvi atmosferin deqradasiyaya uğradığı bir dövrdə veriləcək zəmanətə də etibar yoxdur. Əgər bir neçə ildən sonra Rusiya müxtəlif bəhanələrlə yenidən Ukraynaya hücum edərsə, zəmanət verən ölkələrin öz imzalarına xilaf çıxmayacaqlarının zəmanəti varmı? Elə götürək 1994-cü ildəki Budapeşt memorandumunu. Ukraynanı nüvə silahlarından imtina etdirən ölkələr 2014-cü ildə Krımın ilhaqına göz yummadılarmı?
Odur ki, Ukraynan ordusunun ən müasir və ən güclü silahlara yiyələnməsindən etibarlı təminat yoxdur. Ukraynada bilməlidirlər ki, Rusiya Ukraynada müharibə aparmaqla fundamental tarixi səhv edib və bu səhvin gətirəcəyi fəsadlar hələ qabaqdadır. Müharibədən əvvəl Putin deyirdi ki, “bizim başlıca məqsədimiz Ukraynadakı rusların qorunması, Ukraynanın hərbsizləşdirilməsidir”. Lakin hazırda müharibə rusları bir millət kimi “demoqrafik çuxura”salır və bunun ağır nəticələrini düzəltmək çətin olacaq.
Yeri gəlmişkən, Rusiya baş nazirinin müavini Denis Manturov deyib ki, Rusiyanın sənaye obyektlərində, tikinti sahələrində və bir çox biznes sferasında işləmək üçün insan resursu çatışmır və təxminən 5-6 milyon nəfər işçiyə ehtiyac var. Onun sözlərinə görə, meydana gələn bu boşluq Hindistandan məhdudiyyətsiz sayda miqrant gətirməkllə doldurula bilər. Manturovun söylədiyinin əksinə, son dövrlər Rusiyada bir çox müəssisə işçilərini ixtisara salmağa başlayıb...
Müharibə uzandıqca Rusiyada müqavilə əsasında müharibəyə qoşulmaq istəyən kütbeyinlərin sayı tükənir və hələ üstəlik onlara verilən pulların miqdarı da azaldılır. Buna baxmayaraq, Rusiya yenə cəbhəyə göndərməyə yetərincə adam yığa bilir. Üstəlik, məsələn, hindistanlıların müharibəyə cəlb olunması ondan xəbər verir ki, Rusiya rəhbərliyi nə qədər sülhdən dəm vursa da, müharibəni dayandırmaq niyyətində deyil./azpolitika.info