Məktəblilər arasında dövriyyəsinə start verilən “SNUS” nədir? - ARAŞDIRMA/VİDEO

Dünən Azərbaycanda elektron siqaretlərin istifadəsi, satışı, idxalına qadağa qoyulacağı xəbər verildi. Səbəb isə veyplərin insan sağlığına verdiyi zərərdir. Bu siyahısının başında digər zərərlə yanaşı asılılıq da var. Çünki elektron siqaretlər də asılılıq yaradır. Başda AB ölkələri olmaqla bir çox ölkələr veyp adlanan elektron siqaretləri qadağan edirlər. 

Amma görünür Azərbaycan gənclyinin qəsdinə duranlar vaxtı fövtə verməmək üçün cəld hərəkətə keçiblər. Bir tərəfdən saqqıza bəznəyən “SNUS” adlanan maddənin bazar dövriyyəsinə başlayıblar. Ən önəmlisi odur ki, bu dəfə birbaşa məktəbli uşaqları hədəf seçiblər. Üstəlik, bu dəfə “SNUS”un satışını saqqız adı altında təşkil ediblər. Niyə məhz saqqız? Əlbəttə, şübhə oyatmamaq üçün. Çünki məktəbli uşaqlar toz yaxud ot, bitki formasında təklif edilən məhsulu almaz, ən azı onu şübhə ilə qarşılayar. Amma məktəblinin təsəvvüründə saqqız daha məsumdur. Hədəf isə uşaqlarda asılılıq xəstəliyini tətikləməkdir. Hekayənin süjet xətti bu ola bilər - beyninə asılılıq mərəzinin toxumları atılmış uşaqların bunun ardınca narkotik axtarmaları alqoritm kimi öz-özündən qeyri-ixtiyari olaraq gələcək. Gəlin “SNUS”un nə olduğuna baxaq.  

“SNUS” kimi tələffüz olunan, məktəblilər arasında yayılmasına cəhd edilən “SNUS” nikotini udmaq üçün yuxarı dodağın altına qoyulan nəmli üyüdülmüş tütün tozu, duz və ətirlər vurulmuş İsveçə aid tüstüsüz tütün məhsuludur. Tütün məmulatından fərqli olaraq, nikotini udmaq üçün yuxarı dodağın altına qoyulur. Əsl snusun tərkibində tütün olsa da, bu termini tez-tez laboratoriyada istehsal olunmuş tütünsüz nikotin tərkibli kiçik kisələrlə qarışıq salırlar. "SNUS" siqaretə alternativ sayılır, sağlamlığa zərərli olduğu üçün İsveçdən başqa digər AB ölkələrində qadağan olsa da, Böyük Britaniyada populyardır. "SNUS" kisəsi yuxarı dodaqla damağın arasına qoyulur və sorulur. Sorulduğu zaman nikotin ağız boşluğunun selikli qişası ilə qana daxil olur. Əsl snusun tərkibində üyüdülmüş tütün, su, duz və ətirləndiricilər var. Nikotin paketlərində isə bitki lifləri, nikotin,  dadlandırıcılar və ətirləndiricilər var, lakin üyüdülmüş tütün yarpağı yoxdur. "SNUS" ilə nikotin kisələrinin fərqi ondadır ki, snusun tərkibində üyüdülmüş formada əsl tütün var. Nikotin kisələrinin tərkibində isə sintetik nikotin var, tütün yoxdur.

İstifadəyə gəlincə, hər ikisi eyni şəkildə, yəni dodaq altında istifadə olunur ki, bu da iki məhsul arasında qarışıqlıq yaradır. İsveçdə bu maddənin böyük bazarı var. Avropa Birliyində və Böyük Britaniyada tütün snus qadağandır, lakin nikotin paketləri olan "SNUS" alternativ olaraq satılır. Zərərin azaldılması və ya siqareti tərgitmək üçün vasitə kimi, xüsusən də gənclər arasında populyardır, lakin nikotin asılılığı və sağlamlıq baxımından ağız xərçəngi, boğaz xərçəngi əmələ gətirə bilər.

Yuxarıda da qeyd edildiyi kimi, ilkin hədəf uşaq yaşdan alışdırmaqdır, aludəçiliyə yol açmaqdır. Sonrakı hədəfsə uşaqlarımızı narkotik aludəçisinə, müştəriyə çevirməkdir. Media resursu olaraq valideynləri və dövlət qurumlarını ayıq-sayıq olmağa səsləyirik...!

Stopnarkotik.az