“Sülh təkcə Trampdan asılı deyil”
Ukraynadakı müharibə gec-tez sülh yolu ilə bitəcək, amma daha çox itki verməmək üçün bunu daha tez bitirmək lazımdır.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “American Newsmax TV”-yə verdiyi müsahibədə deyib.
"Hər bir müharibə sülh yolu ilə bitir. Bu, klassik bir şeydir və bu müharibə də sülh yolu ilə bitəcək. Nə qədər tez olsa, bir o qədər az insan öləcək. Mən tez-tez bir kişicəsinə deyirəm: bilirsiniz, ölən öldü, bəs bu müharibədən nə qədər şikəst insan qayıdır! Onlarla nə etməliyik? Onların ayaqları, qolları yoxdur", - deyə, o, bildirib.
Lukaşenkonun sözlərinə görə, əgər sülh yalnız ABŞ Prezidenti Donald Trampdan asılı olsaydı, onun hazırkı siyasəti nəzərə alınmaqla müharibə çoxdan bitmiş olardı. Lakin bu, "çoxtərəfli prosesdir": "Burada münaqişənin hələ də iki tərəfi var - Rusiya və Ukrayna. İndi isə bizi - Belarusu da əlavə ediblər. Biz bu münaqişə ilə həmsərhədik və hadisələrin necə cərəyan etməsi və necə bitməsi bizi də maraqlandırır. Tək Tramp bu məsələni həll etməyəcək".
Lukaşenko hesab edir ki, sülhün təfərrüatlarını müzakirə etmək "aylarla, hətta illərlə" çəkə bilər, lakin cəbhədə atışmanı və "müharibəyə doğru hərəkəti" dayandırmaq vacibdir: "Buna görə də bu gün ən vacib şey insanların ölməməsi üçün qırğını dayandırmaqdır. Əgər insanlar ölmürsə, oturub istədiyiniz kimi danışıqlar aparın. Ərazi və digər məsələlərdə".
Lukaşenko "bu münaqişəni əvvəldən axıra qədər dondurmağı" təklif edir - döyüşlər dayandırılsın və Rusiya bu vaxtdan Ukraynanı yenidən silahlandırmaq üçün istifadə ediləcəyinə görə narahat olmasın: "Ukraynanın və onun ordusunun bu müddət ərzində yenidən silahlanmasının, amerikalıların avropalılarla birlikdə oraya silah tədarük etməsinin qarşısını almaq üçün əlimizdən gələni etməliyik".
Lukaşenko eskalasiyanın Rusiyada səfərbərliyə səbəb ola biləcəyi ehtimalını da istisna etməyib: "Bu, Rusiya üçün yaxşı olacaqmı? Yaxşı olmayacaq. Bəs ruslar müharibənin davam etməsini bəyənirlərmi? Əlbəttə ki, yox... Həm də Putin mənə tez-tez bunu deyir: "Biz bir-birimizə qarşı vuruşuruq – bunlar öz adamlarımızdır".
O, Putinin guya Ukrayna ilə sülhə nail olmaq istəyinə əminliyini də ifadə edib: "Sülh istəyinin səbəblərini sadalamayacağam. Siz onları yaxşı bilirsiniz. Həm daxili, həm də xarici səbəblər var. Zelenski də eyni şeyi istəyir. Mən buna əminəm. Xüsusilə də indi. Zelenski başa düşməlidir və başa düşür ki, bu, Ukraynanın mövcudluğunun sona çatması ilə qurtara bilər".
Lukaşenkonun sözlərinə görə, uzunmüddətli sülhü təmin etmək üçün müqavilələrin hazırlanması prosesində müəyyən zəmanətlər lazımdır: "Zəmanətlər olmalıdır. Rusiya bu sülhün əbədi davam edəcəyinə dair zəmanətlər istəyir. Mən bunu bilirəm. Rusiya bir daha müharibəyə başlamayacaq bir sülh müqaviləsi bağlamaq istəyir. Ukrayna da bunda maraqlanır. Tramp bunun qarantı kimi çıxış etməyə hazırdır. Bizdə lazım olan hər şey var. Buna görə də işləri sürətləndirməliyik".
Lukaşenkonun sözlərinə görə, Donald Tramp guya razılığa gəlmək istəməyən Zelenskiyə "daha çox təzyiq göstərir": “Niyə o bunu istəmir? Çünki avropalılar bu işə qarışıblar və onun qulağına mübarizədə kömək edəcəklərini pıçıldayırlar. Onlar heç bir kömək etməyəcəklər. Onların ABŞ-dəki qədər resursları yoxdur. Əgər amerikalılar bundan geri çəkilsələr, eskalasiya qaçılmazdır”./azpolitika.info