Rusiyaya yarışa gəlmişdi, müharibəyə göndərildi - KENİYALI İDMANÇI ƏSİR DÜŞDÜ

Ukrayna Silahlı Qüvvələri ruslar tərəfindən aldadılaraq cəbhəyə göndərilmiş 36 yaşlı Keniyalı yüngül atleti əsir götürüb.

O, bu vəziyyətə necə düşdüyünü ABC News-a verdiyi müsahibədə danışıb.

Bildirilir ki, keniyalı Evans Kibet peşəkar yüngül atletdir. Lakin onun sözlərinə görə, idman ona kifayət qədər gəlir gətirmədiyi üçün ölkə xaricində qazanc imkanları axtarmağa başlayıb.

Bir müddət sonra Kibete guya ödənişli idman festivalında iştirak üçün Sankt-Peterburqa getmək təklif olunub. O deyib ki, bunu ailəsinə kömək etmək üçün yaxşı fürsət hesab edib.

Keniyalı jurnalistlərə bildirib ki, Sankt-Peterburqa çatdıqdan sonra ona və digər afrikalılara vizanı uzatmaq və rus dilində tərtib olunmuş müqavilə imzalamaq təklif edilib. Aydındır ki, onların heç biri sənədin məzmununu başa düşməyib. Sonradan məlum olub ki, bunlar hərbi xidmətə dair müqavilələr olub.

Kibet qeyd edib ki, müqaviləni imzaladıqdan qısa müddət sonra onun pasportunu alıblar və onu təlim üçün poliqona aparıblar. Orada ona təxminən bir həftəlik ilkin hazırlıq keçiblər. Bundan sonra isə onu və digər xarici vətəndaşları birbaşa cəbhə xəttinə göndəriblər./apa