Dron hücumları, diversiyalar, dezinformasiya, kiberhücumlar. Rusiya Avropada hibrid müharibənin miqyasını genişləndirir, halbuki Aİ-nin reaksiyası indiyədək əsasən narazı və sərt bəyanatlarla məhdudlaşırdı. Mövqeni dəyişməyə hazırlığın ilk əlaməti İtaliyanın müdafiə naziri tərəfindən təqdim olunmuş 125 səhifəlik “Hibrid müharibəyə qarşı: aktiv strategiya” adlı son hesabat olub.
Bu haqda "Politico" saytı məlumat yayıb.
Saytın xəbərinə əsasən, indi Avropa bir neçə il əvvəl ağlasığmaz görünən işlə — cavab tədbirlərinin planlaşdırılması ilə məşğuldur.
Sayta danışan iki yüksək rütbəli avropalı rəsmiyə və üç Aİ diplomatına görə, müzakirə olunan ideyalar Rusiyaya qarşı birgə hücum xarakterli kiberoperasiyalardan tutmuş hibrid hücumların təşkilatçılarının sürətli və koordinasiyalı müəyyən edilməsinə, eləcə də NATO-nun Rusiya sərhədlərində gözlənilməz hərbi təlimlərinə qədər dəyişir. “Ruslar daim yol verilə biləcək həddi yoxlayır — reaksiyanın necə olacağını, nə qədər irəli gedə biləcəklərini. Daha aktiv cavab lazımdır. Siqnal sözlərlə deyil, hərəkətlə verilir”,-deyə Latviyanın xarici işlər naziri Bayba Braje müsahibəsində bunları deyib.
Braje xüsusilə “kiberhücumlarda daha fəal olmağa” və Avropa təhlükəsizlik və kəşfiyyat xidmətlərinin işini daha yaxşı koordinasiya etməyə çağırır. Polşa Elmlər Akademiyasının hibrid təhdidlər üzrə eksperti və politoloqu Filip Bryjka hesab edir ki, Avropalılar Rusiyanın apardığı hərbi əməliyyatlar üçün mühüm əhəmiyyət kəsb edən obyektlərə kiberzərbələr endirə bilərlər. Bunların içində “Alabuqa” Xüsusi İqtisadi Zonasında dron zavodu, enerji müəssisələri və ya silah daşıyan qatarlar da var./musavat.com