Azərbaycanda elektron siqaretlərin idxalı, satışı və istifadəsi QADAĞAN OLUNUR - Deputat səbəbləri açıqladı

Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı, satışı və istifadəsinin qadağan olunması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər ictimai sağlamlıq baxımından əsaslandırılmış və vaxtında atılan addımdır.

Bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, artıq 40-dan çox ölkədə bu məhsullar qadağan edilib:

"Birincisi, elektron siqaretlər xüsusən yeniyetmələr və gənclər arasında nikotin asılılığının genişlənməsinə şərait yaradır. Dadlandırıcılar, cazibədar dizayn və marketinq siqaretə "zərərsiz alternativ" kimi yanlış təsəvvür formalaşdırır, bunu əyləncə kimi təqdim edir və ilk istifadəyə giriş baryerini aşağı salır. Bu isə uzunmüddətli perspektivdə həm tütün məhsullarına keçidi, həm də nikotin asılılığının dərinləşməsini artırır".

Deputat bildirib ki, bu məhsulların tərkibi və keyfiyyətinə nəzarət çətindir. Çünki bazarda standartlardan kənar, qeyri-qanuni və mənşəyi şübhəli məhsulların dövriyyəsi geniş yayılıb. Nəticədə risk yalnız nikotinlə məhdudlaşmır; insan sağlamlığı üçün mənfi nəticələr yaradan kimyəvi qarışıqların istifadəsi ehtimalı yüksəlir. Tərkibində müxtəlif kimyəvi maddələr olan buxarların insan orqanizminə, xüsusilə də tənəffüs yollarına verəcəyi ziyanlar dünyada artıq sübut edilib:

"Qadağa dövlətin iqtisadi və profilaktik səhiyyə siyasətinin məntiqi davamıdır: xəstəlik yarandıqdan sonra müalicə xərclərini artırmaqdansa, risk faktorlarını məhdudlaşdırmaq daha effektiv və daha ucuz yanaşmadır. Bu qərar təkcə fərdi sağlamlığı deyil, həm də ailələrin sosial rifahını və əmək məhsuldarlığını qorumağa xidmət edir".

Tahir Mirkişilinin fikrincə, bu baxımdan, idxal–istehsal–satış–istifadə zəncirinin bütövlükdə qadağan olunması, xüsusilə gənclərin qorunması və uzunmüddətli səhiyyə yükünün azaldılması üçün məqsədyönlü, ictimai marağa uyğun qərardır.

"Bu, həm də ölkədə insan kapitalının qorunmasına yönələn mühüm siyasətdir", -deputat fikrini yekunlaşdırıb.