Neftçala rayonunda 34 yaşlı kişi özündən 35 yaş böyük olan qonşusuna xəsarət yetirib.
Hadisə bu ilin yanvarın 16-da rayonun kəndlərindən birində baş verib. 1992-ci il təvəllüdlü Əkbər həmin gün saat 17:30-da Əhmədlə yaşadığı evin qarşısında mübahisə edib.
Aralarında baş vermiş şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Əhmədin baş nahiyəsinə daş parçası ilə vurub, onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.
Əkbərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əkbər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Əkbər ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Neftçala rayonunun kəndində yaşayır: “Zərərçəkmiş Əhmədi tanıyıram, mənim qonşumdur. Onunla heç bir ədavətim və düşmənçiliyim yoxdur. Yanvarın 16-da, saat 17 radələrində Əhmədin evinin qarşısından keçərək öz evimə gedirdim. Əhmədin qudası Səbinə adlı xanım yanımdan keçən vaxt səssizcə öz-özünə danışmağa başladı. Onunla sözlü mübahisəmiz oldu. Həmin qadın oradan gedən vaxt Əhməd evindən çıxdı və mübahisəni o, davam etdirməyə başladı. Əhməd adlı şəxs əlində ağac parçası ilə üzərimə gəldi, məni nalayiq sözlərlə söyüb, təhqir etdi. Əhməd mübahisəmiz qızışdı. Mübahisə zamanı Əhməd əlindəki ağac parçası ilə məni vurmaq istəyərkən özümü müdafiə etmək üçün qolumu qabağa verdim, ağacı əlindən alaraq yerə atdım və yumruq ilə onun baş nahiyəsinə vurdum. Bunun nəticəsində o, yerə yıxıldı və xəsarət aldı”.
İş üzrə zərərçəkmiş Əhmədin sözlərinə görə, ailəsi ilə birlikdə Neftçala rayonunun kəndində yaşayır, hazırda təqaüddədir:
“Təqsirləndirilən Əkbəri tanıyıram. O, mənim qonşumdur. Onunla heç bir ədavəti və düşmənçiliyim yoxdur. Bir qonşu kimi normal münasibətlərimiz var. Əkbər müxtəlif vaxtlarda cinayətlər törətdiyi üçün məhkumluq həyatı yaşayıb. Əkbərin mənim mərhum yeznəm Sadiflə tanışlığı olub. Səbinə Əkbərin səhv hərəkətlərinə görə oğlu Sadiflə bir yerdə oturub, durmalarına qarşı çıxırdı. Sadif vəfat etdikdən sonra Səbinə Əkbəri həyətə buraxmayıb”.
Əhməd qeyd edib ki, məlum hadisə günü, saat 17:30-da yaşadığı evin həyətində olub:
“Bir müddət sonra küçədən mübahisə səsi gəldiyini eşitdim və evin qarşısına çıxdım. Orada gördüm ki, Əkbər Səbinə ilə mübahisə edir. Əkbərə dedim ki, ayıbdır, anan yaşındadır, belə danışma. Səbinə mənim küçəyə çıxdığımı gördü və yanımızdan keçərək öz evinə getdi. Bundan sonra Əkbər məni nalayiq sözlərlə söyərək təhqir etməyə başladı. Bu vaxt Əkbəri qorxutmaq üçün yerdən ağac parçası götürdüm. Əkbər üzərimə gələrək ağac parçasını əlimdən aldı və yerdən götürdüyü daş parçasını baş nahiyəmə vuraraq məni döydü. Bu vaxt xəsarət aldım. Mən hadisə vaxtı Əkbəri vurmamışam, döyməmişəm və söyməmişəm”.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib, zərərçəkən ona qarşı şikayətini geri götürüb.
Bu halları nəzərə alan Neftçala Rayon Məhkəməsinin hakimi təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib./demokrat.az