Azərbaycan həbsxanaları dünyanın ən yüklənmiş, dolu cəzaçəkmə müəssisələrindən hesab olunur. Narkotiklə bağlı məhbuslar isə ümumi həbsxana kontingentinin az olmayan qismini təşkil edir. Yeri gəlmişkən, həbsxana nə qədər cinayətkarların cəmiyyətdən təcridi və cəzalanması üçün təsis edilmiş yer olsa da, cəzanın da, həbsxananın da başlıca məqsədi islahdır. Hətta məhbusların cəzalanmasını gərəkdirən nüanslardan biri cəmiyyəti cinayətkarın vura biləcəyi zərərdən qorumaq olsa da, yenə də cəzanın əsas məqsədi islahdır, islaha olan ümiddir.
Məhbusların, cinayətin sayının sayının artması cəmiyyətdə zorakılığın sayının artmasının birbaşa göstəricisidir. Həbsxanaların dolu olması eləcə də dövlətin büdcəsinə neqativ istiqamətdə yükdür. Düşünün ki, 5 manatımız var, bu 5 manata gül də ala bilərik, qandal da.
Bir sıra ölkələr cinayətkarlığın cəmiyyətdə zorakılığı, zorakılığın da kriminal atmosferi körüklədiyinin fərqindədirlər. Və vəziyyəti dəyişdirmək üçün məhbusların cəzalanmasından çox, onlarda müsbət davranışa meylin oyandırılmasına, reabilitasiya istəyinin tətiklənməsinə çalışırlar. Dünyanın ən inkişaf etmiş ölkələrin, məsələn İsveçrənin həbsxanalarına baxsaq, onların insanın təcriddə belə həyat şərtlərinin insana layiq standarlarda təmin edildiyinin şahidi olarıq. Çünki onlar bir müddətdən sonra məhbusların cəmiyyətə geri dönəcəyini anlayırlar, məhbusu geri dönüşə hazırlayırlar. Bu ölkənin şərtlərində azadlıqdan məhrum etmə özü-özlüyündə ən böyük cəzadır. Sözsüz, əgər desək ki, Azərbaycanın həbsxana, cəza sistemi İsveçrə standartlarındadır, yanlışa yol vermiş olarıq. Amma biz də məhbusların cəza müddətində onların daha da aqressivləşməsinə yox, islaha, etdiyi səhvləri dərk edib düz yola yönəlməsinə çalışmalıyıq. Məsələn, məhbusları nümunəvi davranışa, islaha necə təşviq edə bilərik? Əgər həbsxanalarımızda islah işləri aparılırsa, niyə məhkumlarımız “həbsxananın dadını görəndən” sonra da təkrar cinayət törədirlər və residivist olurlar? Bizim həbsxanalarda məhbusların nümunəvi davranışı, nizam-intizama riayət etməsi, buna görə onların bir növ mükafatlandırılması ümumi islah prosesini hansı nöqtəyə çatdıra bilərdi? Hansı ki, cəzanın hədəfi islah olmalıyıdı, təkrar cinayət törətmək yox…Türmələr dolub daşmazdı, əksinə boşalardı.
Məlumat üçün deyək ki, Azərbaycanda məhbusların nümunəvi davranışı, nizam-intizama riayət etməsi və islah olması birbaşa cəza müddətinin avtomatik azaldılması ilə nəticələnmir. Lakin bu müsbət hallar məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması üçün əsas yaradır. Bu məsələlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə aşağıdakı qaydada tənzimlənir:
Şərti olaraq vaxtından əvvəl azad etmə: Məhkum cəza müddətinin qanunla müəyyən edilmiş müəyyən hissəsini (məsələn, az ağır cinayətlərdə ən azı yarısını, ağır cinayətlərdə üçdə ikisini, xüsusilə ağır cinayətlərdə isə dörddə üç hissəsini) çəkdikdən və müsbət xasiyyətnamə aldıqdan sonra məhkəməyə müraciət edə bilər. Məhkəmə, şəxsin cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu vaxtından əvvəl azad edə bilər.
Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi: Nümunəvi davranan məhkumun qalan cəza müddəti daha yüngül cəza növü ilə (məsələn, islah işləri və ya azadlığın məhdudlaşdırılması) əvəz edilə bilər.
Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə: Cəzasının müəyyən hissəsini çəkmiş, islah yoluna qədəm qoymuş və intizam qaydalarına əməl edən məhkumlar cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin dəyişdirilməsi yolu ilə məntəqə tipli müəssisələrə (daha yüngül rejim) köçürülə bilərlər. Amma bu imkanların hər biri avtomatik baş vermir və hər bir məhkum üçün fərdi olaraq məhkəmə qaydasında həll edilir.
Misal üçün deyək ki, Qazaxıstanda cəza siyasətində qanun müstəvisində müəyyən dəyişikliklər parlamentdə müzakirə edilir. Hədəf təbii ki, həm cəzaçəkmə müəssisisələrini dolmaqdan xilas etmək, həm dövlətin bu cəzaçəkmə müəssisələrini saxlamaq üçün maliyyə yükünü yüngülləşdirmək, həm cəmiyyətdə aqressiyanın, zorakılığın səviyyəsini aşağı salmaq və s. məqsədlərdir. Bu baxımdan məhbuslar 12 ay ərzində heç bir intizam pozuntusu törətmədiyi halda, onun həbs müddətinin hər bir ili bir ay azaldılacaq. Faktiki olaraq, bu onların həbs müddətini daha tez başa vurmalarına gətirəcək. Amma bu qayda yalnız az təhlükəli cinayət törətmiş şəxslərə tətbiq olunacaq. Və bu şəxlər müəyyən edilmiş gündəlik rejimin pozulması, işləməkdən imtina, müəssisənin əmlakına ziyan vurma, narkotikdən maddələrdən istifadə, digər məhbuslar və ya işçilərlə münaqişələr və mobil telefon saxlama kimi əməllərdən uzaq durarlarsa, yeni qayda onlara tətbiq olunacaq.
Burada haşiyədən çıxıb bir nüansı qeyd edək. Məlumdur ki, dünya praktikasında asılılıqlardan xilas olmanın əsas metodu 12 ADDIM reabilitasiya metodudur. Hətta son zamanlar “Smart Recovery” də reabilitasiya sferasında terapiya metodu kimi tətbiq edilməkdədir. Mahiyyət etibarilə hər ikisinin məqsəd-məramı insanın xarakter qüsurlarının aradan qaldırılmasıdır, islahıdır. Narkomaniya, alkoqolizm, qumar və s. insan xarakter qüsurlarının vücud tapmış, ətə-qana dolmuş, formalaşmış halıdır, nəticədir. Biz bu metodu həbsxanalarda məhbusların öz səhvlərini görməsinə, daxili aləmlərinə baxmağa, özləri ilə üzləşməsinə, həbs müddətinin boş-boşuna keçməməsi, onların islahına aparan yollardan biri kimi istifadə edə bilərik. Çünki cinayətlərin arxasında insan faktoru durur. Cinayətkarlığı azaltmaq üçün insanı düzəltməliyik. Əlbəttə, həbsxanalara gəlir gətirən obyekt kimi yanaşmırıqsa…
Bu arada vurğulayaq ki, əgər işin lap əvvəlinə, himinə getmək istəyiriksə, məktəblərdəki şagirdləri 12 ADDIM-ın tələbləri, “Smart Recovery”nin prinsipləri ilə tanış edə bilərik. Niyə gözləməliyik ki, bütün pisliklərin əlçatan olduğu dövrdə naqisliklər uşaqların yolunun üstünə çıxsın? Yoluxucu, öldürücü xəstəliklərdən sığortalanmaq üçün uşaqlıqda bizə peyvənd vurulur. Bəs mənəvi tərəfimizin xəstələnməməsi üçün niyə əvvəldən uşaqlarımız mənən peyvənd etməyək? İş işdən keçəndən sonra gec olur.
Sonda qeyd edək ki, əlbəttə gündəmə gətirdiyimiz yüngülləşdirmələrin az təhlükəli cinayətlərdə tətbiqinə yol verilə bilər. Sözsüz ki, narkotik qaçaqmalçılarına, narkotiki ölkəyə axıdan yuxarı ranqlı narkotacirlərə, pedofillərə, dövlətə xəyanət edənlərə, terrorçulara və s. ağır cinayətlərin müəlliflərinə aman verilməməlidir.
Stopnarkotik.az