Lənkəranda örüş sahəsində meyiti tapılan kişinin qətlə yetirilməsinin bəzi məqamları məlum olub.
Belə ki, hadisə rayonun Vilvan kəndində baş verib.
Kənd sakini, 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını örüşdən gətirmək üçün evdən çıxıb. Gecə saatlarında onun geri qayıtmadığını görən ailə üzvləri narahat olaraq axtarışlara başlayıblar.
Yaxınlarının bildirdiyinə görə, ailə üzvləri dəfələrlə ona zəng vursalar da, zənglər cavabsız qalıb. Telefonun səsinin sahədə eşidilməsi nəticəsində onlar həmin istiqamətə gedərək Vəliağa Səbziyevin meyitini aşkarlayıblar.
"Yolda nə isə olub. Biz də bilməmişik. Sonra ailə üzvləri zəng ediblər, zəngə cavab ala bilməyiblər. Qardaşı və gəlini axırda maşınla sahəyə gediblər. Telefonun səsinə yaxınlaşıblar və hadisə yerini görüblər. Kəsici-deşici alətlə qətlə yetirildiyi məlum olub", - hadisə şahidlərindən biri bildirib.
Qonşuların sözlərinə görə, mərhum sakit və təsərrüfatla məşğul olan şəxs olub:
"Mal-qara saxlayırdı, təsərrüfat adamı idi. Heç kimlə ədavəti yox idi. Axşam saatlarında heyvanları gətirmək üçün örüşə getdi, amma geri dönmədi".