Məhkəmədə günahsız olduğu sübuta yetirilən şəxsə təzminat ödənilir? – YAXUD BU HALDA HÜQUQ MÜHAFİZƏ ORQANI ƏMƏKDAŞINI HANSI CƏZA GÖZLƏYİR?

Son vaxtlar narkotiklə bağlı cinayət ittihamları bəzən məhkəmələrdə öz təsdiqini tapmır. Zaman-zaman mediada əks olunan məlumatlardan da bu təəssürat yaranır. Hansı ki, bu qəbildən olan informasiyalar digər saytlarla yanaşı, Stopnarkotik.az-da da ara-sıra işıq üzü görür. Məsələn, təkcə son ay ərzində suçunun sübuta yetirilməsi üçün yetərli dəlillər olmayan bir neçə şəxs elə məhkəmə zalından azadlığa buraxılıb. Elə hallara da rast gəlinib ki, cinayət etməmiş, amma narkotik istifadə etmiş şəxslər hakimin hökmü ilə müalicəyə cəlb olunub. Əslində, belə qərar daha mütərəqqi sayılmalıdır.

Bəllidir ki, günahsız yerə narkotik cinayətində ittiham olunmuş şəxs maddi və mənəvi zərərə məruz qalır. Doğrudur, günahsızlığının sübuta yetirildiyi təqdirdə hüquq müstəvisində ona vurulmuş maddi zərərin ödənilməsi mümkündür. Bəraət almaqla mənəvi zərərin də hüquq müstəvisində ödənilməsi formal olaraq baş verə bilər. Amma cəmiyyətin, xüsusilə onu tanıyan insanların gözündə vurulmuş damğanı silmək elə də asan olmur.

Burada iki əsas sual meydana çıxır: günahı sübut olunmamış şəxslərə dəyən maddi və daha çox da mənəvi zərərə görə onlara təzminatla ödənilirmi? Yaxud günahsız yerə həbs olunmuş insanların yanlış ittihamlarla həbsə atılmasını həyata keçirən hüquq-mühafizə orqanları əməkdaşlarına, o cümlədən müstəntiqlərə qarşı indiyə qədər hansısa cəza tədbiri görülməsi faktı varmı? Bu və digər suallara tanınmış vəkil Yusif Seyfəlovla müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Yusif bəy, sizin təcrübənizdə elə bir fakt var ki, məhkəmədə günahı sübut olunamayaraq azadlığa buraxılan şəxsə maddi təzminat ödənilib?

- Məhkəmə təcrübəsinə əsasən, bir şəxs bəraət alıbsa və onun saxlandığı müddət təxminən ayda min manat məbləğində hesablanır. Həmin şəxs məhkəmədə özü mülki iddia irəli sürərsə, o zaman bu pulun tutulması mümkün olur və belə formada qərar çıxır.

- Sizin təcrübənizdə belə hallar olubmu?

-Bəli, olub.

- Zərər dəymiş şəxslər özləri belə iddia qaldırıblar, yoxsa məhkəmə onların iddiası olmadan da təzminat qərarı çıxarır?

- Yox, məhkəmə avtomatik təzminat tutmur. Ancaq zərərçəkmiş şəxs iddia qaldırmalıdır ki, təzminat tutulsun.

- Bəs yanlış ittihamlarla iş aparan müstəntiqlər, yaxud iş müstəntiqlərə gələnə qədər bu şəxslərin günahsız yerə həbsə düşmələrində rol oynayan hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı qanun hansı cəza tədbirləri nəzərdə tutur?

- Bu kimi hallarda məhkəmə xüsusi qərar çıxara bilir. Xüsusi qərar əsasında şəxslər cəzalanır.

- Siz bu kimi hallarla qarşılaşmısınız, yoxsa sadəcə qanun müstəvisində buna yol verilir?

- Məhkəmədə xüsusi qərar çıxır, sadəcə bu qərar çıxandan sonra həmin orqanın rəhbərliyinə göndərilir. Həmin orqanın rəhbəri öz mülahizəsinə əsasən öz əməkdaşına cəza tətbiq edir. Cəza işdən xaricetmədən tutmuş iş yerini, vəzifəsini dəyişməyə qədər müxtəlif tədbirləri nəzərdə tutur.

- Ümumiyyətlə, bizim ölkəmizdə belə hallar çox baş verir?

- Bəraət qərarları gündə çıxan qərarlar deyil. Bu qərarlar az-az olsa da, onların nəticəsində hüquq-mühafizə orqanları əməkdaşlarının cəzalanması da olur.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az