Abşeron rayonunda yerləşən "Həyat üçün şans" reabilitasiya mərkəzinə müalicə üçün gətirilən və bir gün sonra orada dünyasını dəyişən Pərviz Zərdan oğlu Həsənovun ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.
Stopnarkotik.az "Teleqraf"a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində Mustafa Mustafayev çıxarılıb.
Məlum olub ki, Mustafa Mustafayev digərləri ilə birlikdə Pərvizi reabilitasiya mərkəzinə zorla, qanunsuz əməlləri icra etməklə gətiriblər.
Belə ki, Pərvizin bacısı ATV-də yayımlanan "Bizimləsən" verilişində sözügedən mərkəzin reklamını görərək "Həyat üçün şans"ın rəhbəri Elgiz Alxanovla əlaqə saxlayıb.
O, narkotikdən əziyyət çəkən qardaşının könüllü müalicə olunmayacağını bildirib. Bu zaman Pərvizin bacısı Elgiz Alxanova özlərini prokurorluq əməkdaşı kimi təqdim etməyi, yalnız bu vasitə ilə qardaşını reabilitasiya mərkəzinə gətirə biləcəklərini deyib.
Elgiz Alxanovdan göstəriş alan Mustafa Mustafayev Pərvizi gətirmək üçün digərləri ilə Göygölə yollanıb. Pərvizi avtomobilin arxa oturacağına məcburi əyləşdirən şəxslər onun qoluna qandal da vurublar. Nəticədə Pərviz "Həyat üçün şans" reabilitasiya mərkəzinə qollu qandallı gətirilib.
Onların əməli adam oğurluğu kimi qiymətləndirilib.
Hadisə şahidlərinin sözlərinə görə, Pərviz mərkəzə gətirildiyini biləndə buna qarşı çıxıb, orada qalmaq istəməyib. O, adının narkoman kimi hallandırılmasını istəməyib. Pərviz Həsənov getmək istəyəndə buna qarşı çıxıblar və onu aşağı mərtəbəyə keçiriblər. Bu zaman Pərvizin ürəyi gedib. Təcili tibbi yardıma zəng edəndə isə Pərvizin keçindiyi müəyyən olunub.
Məhkəmənin hökmünə əsasən, Mustafa Mustafayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, onun cəzası 1 il 6 ay müddətinə şərti hesab edilib.
Qeyd edək ki, "Həyat üçün şans" reabilitasiya mərkəzi nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərindən fərqli olaraq belə asılılıqdan əziyyət çəkən şəxslərin qeyri-tibbi formada, psixoloji yardımla reabilitasiyası ilə məşğul olan və bu zaman hər hansı müqavilə bağlamadan, maliyyə fəaliyyətini rəsmiləşdirmədən fəaliyyət göstərib.
Xatırladaq ki, sözügedən hadisədən sonra mərkəzin rəhbəri Elgiz Alxanov da həbs edilib. Keçirilən digər məhkəmə prosesində o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.