Tramp fentanil narkotikini kütləvi qırğın silahı elan etdi - SƏRƏNCAM

Prezident Tramp fentanili kütləvi qırğın silahı elan edib. O buna dair sərəncam imzalayıb.

Donald Trampın imzaladığı sərəncamda deyilir ki, "qeyri-leqal istehsal olunmuş fentanil narkotikdən daha çox kimyəvi silaha yaxındır".

Stopnarkotik.az xəbər verir ki, ABŞ lideri, əsasən mütəşəkkil cinayətkar qruplar tərəfindən həyata keçirilən bu maddənin paylanması və istehsalının ABŞ-ın milli təhlükəsizliyinə təhdid olduğunu vurğulayıb.

Tramp, yüz minlərlə amerikalı aşırı dozadan öldüyünü qeyd edərək, cəmi iki milliqram fentanilin ölümcül olduğunu bildirib.

Donald Tramp, "Bu təsirə malik bomba yoxdur. Əgər bu, müharibə olsaydı, ən dəhşətli müharibələrdən biri olardı. Düşünürəm ki, son beş-altı ildə hər il 200.000 ilə 300.000 arasında insan ölüb. 100.000 haqda eşidirsiniz ki, bu, çoxdur, amma real rəqəm daha yüksəkdir. Bu, sübut olunmuş faktdır. Bir çox ailə məhv edilib", deyə açıqlama verib.

Sərəncam Pentaqon və Ədliyyə Nazirliyinə fentanilin istehsalı və paylanması ilə mübarizə aparmaq üçün əlavə addımlar atmağı tapşırır. Dövlət Departamenti və Maliyyə Nazirliyinə fentanil ticarəti ilə məşğul olan maliyyə qurumları ilə qrupların aktivlərini izləmək və onları sanksiyalaşdırmaq tapşırılıb. Daxili Təhlükəsizlik Katibinə əvvəllər kütləvi qırğın silahlarını aşkar etmək üçün istifadə edilən kəşfiyyat mənbələrindən istifadə edərək "fentanil ticarəti ilə əlaqəli təhlükə şəbəkələrini müəyyən etmək" tapşırılıb. Narkotik kimi istifadə edilən fentanil, əsasən Meksikadan, bəziləri isə Kanadadan ABŞ-a külli miqdarda qaçaqmalçılıq yolu ilə gətirilir və onun istehsalı üçün maddələr əsasən Çindən gəlir. 

Stopnarkotik.az