Yol nişanının tələbini pozan sürücü ağır qəza törətdi – ANBAAN VİDEO

Bu ilin sentyabrın 20-də, saat 23:00-da Hacıqabul–Horadiz yolunun Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Stopnarkotik.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü 2.4 “Yol ver” nişanının tələbini pozaraq köməkçi yoldan əsas yola anidən daxil olmuş və bu zaman hərəkətdə olan “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, sürücülər yolda hərəkət intensivliyinin yüksək olub-olmamasından və günün istənilən saatından asılı olmayaraq, yol nişanlarının tələblərinə mütləq riayət etməli, köməkçi yoldan əsas yola daxil olarkən isə yalnız hərəkətin tam təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkətə başlamalıdırlar:

"Unutmayaq ki, bu qaydaların pozulması qəfil toqquşmalara və bir çox hallarda ağır nəticələrə səbəb olur".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərin diqqətinə çatdırır ki, yol nişanlarının tələblərinə əməl etmək və sükan arxasında məsuliyyətli davranmaq yollarda təhlükəsizliyin əsas təminatıdır.