ABŞ Venesuelanın neftini oğurlamaq üçün bizi blokadaya alır - TRAMP-KARAKAS ATIŞMASI

ABŞ-ın Venesuelaya təzyiqi güclənir. Prezident Donald Tramp ABŞ sanksiyaları çərçivəsində Venesuelaya gedən və gələn bütün neft tankerlərinin tamamilə blokadaya alındığını elan edib.

Stopnarkotik.az xəbər verir ki, Tramp Venesuelanı neftdən narkotik qaçaqmalçılığı ilə digər cinayətləri maliyyələşdirməkdə istifadə etməkdə günahlandırıb və neftini ABŞ-a verənə qədər hərbi imkanlarını artıracağına söz verib. 

"Venesuela Cənubi Amerika tarixində indiyə qədər cəmləşmiş ən böyük armada ilə tam mühasirəyə alınıb", deyə Tramp sosial media hesabı olan Truth Social-da bildirib.

2007-ci ildə Nikolas Maduronun sələfi Huqo Çaves ABŞ şirkətləri (Exxon Mobil, Chevron və Conoco-Phillips) da daxil olmaqla xarici şirkətlər tərəfindən idarə olunan neft yataqlarını milliləşdirən fərman imzalamışdı. Şirkətlərə dövlətin neft şirkəti PDVSA-nın 60% paya sahib olduğu birgə müəssisələr yaratmaları və ya ölkəni tərk etmələri istənildi. ABŞ 2019-cu ildə PDVSA-ya qarşı sanksiyalar tətbiq etdi.

Çərşənbə axşamı Venesuela hökuməti də öz növbəsində Trampı "beynəlxalq hüququ, azad ticarəti və sərbəst naviqasiya prinsipini pozmaqda" ittiham edən bəyanat yaydı.

"Sosial mediasında Tramp Venesuelanın neft, torpaq və mineral sərvətlərinin onun mülkü olduğunu iddia edir. Nəticə etibarilə, o, Venesueladan bütün sərvətini dərhal verməsini tələb edir. ABŞ Prezidenti millətimizə məxsus sərvəti oğurlamaq üçün Venesuelaya irrasional şəkildə dəniz blokadası tətbiq etmək niyyətindədir", bəyanatda deyilir. 

Stopnarkotik.az