Azərbaycanda ciyərləri zədələyən virus yayılır? - RƏSMİ AÇIQLAMA

Son günlər əhali arasında yeni virusa yoluxma hallarının artması müşahidə olunur. Xəstəlik yüksək hərarət və ağciyərlərə təsiri ilə xarakterizə edilir, əlamətləri isə “COVID-19” virusunu xatırladır. Bu durum əhali arasında müəyyən narahatlıq yaradıb.

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, hazırda müşahidə olunan xəstəliklər mövsümi xarakter daşıyır.

Onun sözlərinə görə, payız-qış mövsümündə qrip və digər kəskin respirator virus infeksiyaları (KRVİ) ətraf mühitdə aktiv dövr edir. Bu infeksiyaların törətdiyi əlamətlər bir-birinə çox oxşar olduğundan klinik olaraq onları ayırmaq mümkün deyil. Yalnız laborator müayinələr əsasında konkret virusu müəyyən etmək olar.

Təyyar Eyvazov qeyd edib ki, fəsli qrip xüsusilə həssas qruplarda daha ağır keçir və bəzi hallarda ağciyərlərin zədələnməsi ilə nəticələnə bilər. Yüksək hərarət, boğaz ağrısı, burun axması və ya tutulması kimi əlamətlərlə müraciət edən şəxslərdən götürülən yaxmalar zamanı əsasən fəsli qrip və digər respirator viruslar təsdiqlənir.

Mütəxəssis kəskin respirator virus infeksiyalarının qarşısının alınması üçün qeyri-spesifik tədbirləri də xatırladıb. Bunlara şəxsi gigiyenaya riayət edilməsi, əllərin tez-tez yuyulması, öskürək və asqırıq zamanı tənəffüs gigiyenasına əməl olunması, xəstə insanlarla yaxın təmasdan çəkinmək, izdihamlı məkanlardan uzaq durmaq və tez-tez istifadə olunan səthlərin təmizlənməsi daxildir. Həmçinin xəstə şəxslərin, xüsusilə uşaqların evdə qalması, körpələrin isə ana südü ilə qidalanmasının davam etdirilməsi tövsiyə olunur.

Mövzu ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Əminə İsmixanova da açıqlama verib. O bildirib ki, “COVID-ə bənzər virusun yayılması” ilə bağlı yayılan məlumatlar əhali arasında əsassız təşviş yaradıb.

Həkimin sözlərinə görə, hazırda rast gəlinən hallar əsasən qrip və digər kəskin tənəffüs virus infeksiyalarının mövsümi artımı ilə əlaqədardır və ciddi narahatlıq üçün əsas yoxdur. Bu xəstəliklər yüksək hərarət, halsızlıq, oynaq ağrıları, bəzən dəri səpgiləri, daha çox isə davamlı öskürək və boğulma hissi ilə müşahidə olunur.

Əminə İsmixanova belə hallarda otaqların mütəmadi havalandırılmasını, bol maye qəbulunu və immuniteti gücləndirən qidaların istifadəsini tövsiyə edib. O qeyd edib ki, yüksək hərarət 4–5 gündən artıq davam edərsə, səpgilər yaranarsa və ya öskürək güclənərsə, mütləq həkimə müraciət olunmalıdır. Çünki ikincili bakterial infeksiya və müxtəlif ağırlaşmalar yarana bilər.

Həkim həmçinin xəbərdarlıq edib ki, özbaşına və qeyri-peşəkar məsləhətlərlə dərman qəbul etmək yolverilməzdir. Zərurət yarandığı halda vətəndaşlar icbari tibbi sığorta çərçivəsində ödənişsiz şəkildə həkim konsultasiyasından və müayinələrdən yararlana bilərlər./modern.az