Bakıda biznesmen dostunu tanışları ilə birlikdə izlədi, blokda isə... – TƏFƏRRÜAT

Bakının Nərimanov rayonunda iş adamı Bəxtiyar Babayevə basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin daha bir üzvü - Yusif Əliyevin məhkəməsi başa çatıb.

Naxçıvan şəhər sakini, 1979-cu il təvəllüdlü Y.Əliyev tanışı B.Babayevin valyutadəyişmə işi ilə məşğul olduğunu əvvəldən bilib.

İttihama görə, hadisə günü iş adamı yarım milyon manata yaxın pulunun (rubl, dollar və manatdan ibarət) təhlükəsizlik məqsədilə yerini dəyişmək istəyib. O, pulları noutbuk çantasına yığaraq Yasamal rayonundakı evindən Nərimanovda yerləşən mənzilinə gətirib.

Yusif Əliyev bundan məlumatlı olduğu üçün tanışları Faiq və Elşən adlı şəxsləri həmin binaya göndərib, orada həmin şəxslər pusqu qurublar. Özü isə kənarda avtomobildə gözləyib.

B.Babayev binaya daxil olarkən Faiq ona hücum edib və pulla dolu çantanı götürərək qaçıb. Onlar avtomobillə ərazidən uzaqlaşıblar və qəniməti aralarında bölüblər.

Bundan sonra Y.Əliyev ölkədən qaçıb. Faiq və Elşən isə tutulub. Məhkəmənin hökmü ilə sonuncu şəxslərin hər birinə 11 il həbs cəzası verilib.

2023-cü ilin mayında Rusiyada tutulduqdan sonra Azərbaycana ekstradisiya olunan Yusif Əliyevin cinayət işi üzrə ayrıca icraat üzrə araşdırma başlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Yusif Əliyev ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, əməli törətdikləri ərəfədə həyatında bir sıra hadisələr baş verib və bu səbəbdən cinayətə əl atmağa məcbur olub: “Buna səbəb isə mənim övladım və pulla bağlı məsələlərdir. Mən bir iş gördüm və nəticədə külli miqdarda pul vəsaiti itirdim”.

Müttəhim deyib ki, iş adamı Bəxtiyar Babayevə basqında Faiq və Elşən də iştirak ediblər: “Elşəni tanıyıram, amma Faiqi yox. Elşənə bu məsələ barədə danışmışam. O, isə mənə narahat olmamağımı, hər bir məsələni özü həll edəcəyini bildirdi. Bəxtiyarı valyuta mübadiləsi ilə məşğul olan bir şəxs kimi tanımışam. Mən blokda baş verən cinayət hadisəsində iştirak etməmişəm. O zaman blokdan xeyli aralıda saxladığım avtomobildə əyləşmişdim”.

Müttəhim ifadəsinin ardında diqqətə çatdırıb ki, B.Babayevə qarşı heç bir cinayət əməli törətməyib: “Yəni onun əllərini tutmamışam, müqavimətini qırmamışam, vurmamışam, ümumiyyətlə heç nə etməmişəm. Bəxtiyar Babayevin əlindən pulla dolu çantanı alıb qaçmalıydıq, ona heç bir xəsarətin yetirilməməsi tapşırılmışdı. Mən sonradan bildim ki, biznesmenə xəsarət yetirilib. Heç Bəxtiyarın əlində çantanın olub-olmadığını da bilməmişəm. Mən cinayət hadisəsi zamanı ümumiyyətlə onun özünü, eləcə də bloka necə girməsini görməmişəm. Çünki çox aralıda avtomobildə olmuşam. Sonra Elşən və Faiq çanta ilə birgə gəldilər və avtomobilə əyləşdilər. Faiq iş adamının çiyninə vuraraq çantanı aldığını bildirdi. Həmin çantadakı pulu üç yerə böldük, amma miqdarı yadımda deyil. Mənə 69-70 min ABŞ dolları çatıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Bəxtiyar Babayevin sözlərinə görə, ailə üzvləri ilə birlikdə Yasamal rayonunda yaşayır: “Mənim əlavə olaraq Nərimanovda mənzilim var. Amma orada heç kim yaşamayıb. Hərdən gedib baş çəkirəm. Təxminən 2000-ci ildən 2015-ci ilədək valyuta dəyişmə məntəqəsi işlətmişəm. Həmin fəaliyyətdən müəyyən qədər pul yığmışam”.

O qeyd edib ki, 2022-ci ildə Yasamalda yaşadığı evdən çıxarkən yığdığı 215 min ABŞ dolları, 200 min Rusiya rublu və 108 min manat məbləğində pulu kompyuter çantasının içinə qoyub, özü ilə götürüb: “Həmin vaxt mənim ailə üzvlərim Türkiyədə olublar. Məndən başqa mənzildə heç kəs qalmırdı. Yaşadığım mənzildə pul saxlamaq istəməmişəm. Ona görə də pulu çantaya qoydum və Nərimanovdakı evimin qarşısına gəldim. Buradakı mənzilimə baş çəkmək istəyirdim. Həmin gün saat 12:40-da həyətə daxil oldum, orada heç kəsi görmədim. Mənzilin yerləşdiyi bloka yaxınlaşdım və giriş qapısında şifrə yığdım, bloka daxil oldum. Sonra ikinci mərtəbəyə qalxmağa başladım. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan dəhlizdə olan zaman yuxarı mərtəbədən pilləkənlərlə əvvəllər tanımadığım, təxminən 35-40 yaşlarında bir nəfər kişinin aşağı düşdüyünü gördüm. Həmin kişi mənə çatdıqdan sonra heç bir söz demədən qəflətən sifətimə, başıma yumruqla vurmağa başladı. Zərbənin gücündən özümü itirdim, ona müqavimət göstərə bilmədim və yerə yıxıldım. Həmin şəxs yerdə sifətimə və başıma yumruqla zərbə vurmağa davam etdi. Həmçinin əlimdəki çantanı almağa çalışdı. Çantada külli miqdarda pul olduğundan onu buraxmadım, əksinə özümə tərəf çəkərək sıxdım. Lakin hücum edən şəxs mənə zərbələr endirməyə davam etdiyindən çantanı buraxmaq məcburiyyətində qaldım. Bundan istifadə edən həmin şəxs çantanı aldı və dərhal oradan getdi. Cinayət nəticəsində mənə ümumilikdə 479 min manat məbləğində ziyan vurulub”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Yusif Əliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarılıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılıb. 2024-cü ilin yanvarın 26-da keçirilən proses zamanı Y.Əliyev apellyasiya şikayətindən imtina edib.

Buna görə də hakimlər heyəti onun şikayətinə baxılmasına xitam verib. Amma günahkar daha sonra şikayətinə baxılması üçün Ali Məhkəməyə üz tutub.

Yuxarı instansiya məhkəməsində işə baxan hakimlər şikayəti təmin etməyiblər./teleqraf.az