FHN-ə işə düzəltmək adı ilə 10 000 manatlıq dələduzluq edən şəxsə HÖKM OXUNDU

Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmək adı ilə dələduzluq edən şəxsə hökm oxunub. 

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Arif Musayevə (şərti) 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün müddət 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

İş materiallarından aydın olur ki, Arif Musayev yüksək vəzifəli şəxslərlə əlaqəli olduğunu deyərək zərərçəkmiş şəxsə onun oğlunu FHN-də yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə ondan 10 000 manat alıb. Lakin o verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra o, cinayət məsuliyyətinə cəlb edilib. 

Məhkəmə zamanı Arif Musayev verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.