Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərdə uran tərkibli radioaktiv tullantılar yerləşdirir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Environmental Protection First” Koalisiyası açıqlama verib.
“Environmental Protection First” Koalisiyasının yaydığı bəyanatda deyilir ki, tərkibində uran olan radioaktiv tullantıların Fransanın nüvə nəhəngi “Orano” tərəfindən Ermənistanın Azərbaycanla şərti sərhədinə bitişik ərazilərdə yerləşdirilməsi Azərbaycana qarşı yeni ekoloji müharibədir.
Ermənistan bunu “dezinformasiya” adlandırsa da, faktları yerində yoxlamaq imkanı vermir.
“Biz, “Environmental Protection First” (İlk Ətraf Mühitin Mühafizəsi) Koalisiyası Baş nazir Nikol Paşinyanı Azərbaycan QHT-lərinin, MAQATE nümayəndələrinin və digər beynəlxalq təşkilatların iştirakı ilə Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarında radioaktiv tullantıların monitorinqi üçün şərait yaratmağa çağırırıq.
Biz Ermənistandakı ekoloji təşkilatları da bu ekoloji terroru dayandırmaq üçün ayağa qalxmağa çağırırıq. Fransa-Ermənistan tandeminin Espo Konvensiyasının, Bioloji Müxtəlifliyin Qorunması Konvensiyasının, Transsərhəd su axarlarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi üzrə Helsinki Konvensiyasının tələblərinə qarşı qoyduğu çağırışa son qoyulmalıdır”, deyə məlumatda bildirilir.
Nüvə tullantılarının ilk partiyası artıq 2025-ci il iyunun əvvəlində Ermənistanın Dilican Milli Parkının ərazisinə yerləşdirilib.
Göyçə gölünün şimalında yerləşən bu park Ağstafa çayının Kürə tökülən hövzəsindədir. Park Azərbaycanın Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın ərazidə yerləşir və buna görə də bütün ölkənin biomüxtəlifliyi təhlükə altındadır. Bundan əlavə, parkın seysmik aktiv zonada yerləşməsi təhlükəni daha da artırır.
Stopnarkotik.az