Sui-qəsdi “Quli”nin adamlarına SEPAH sifariş edibmiş – ŞOK TƏFƏRRÜAT

Manhatten federal məhkəməsində (ABŞ) kriminal aləmin üzvləri Rafet Əmirov və Polad Ömərova 25 il həbs cəzası kəsilib.

Stopnarkotik.az "Teleqraf"a istinadən xəbər verir ki, mart ayında onlar İran əsilli amerikalı jurnalist və hüquq müdafiəçisi Masi Alinejadın həyatına qurulan sui-qəsddə günahkar biliniblər.

Nyu-York Cənub Dairəsinin federal prokurorluğu 46 yaşlı Rafet Əmirov və 41 yaşlı Polad Ömərovu məşhur "qanuni oğru", 2020-ci ildə Antalyada öz mühafizəçisi tərəfindən öldürülmüş Nadir Səlifovun ("Lotu Quli") rəhbərliyi altında fəaliyyət göstərən "rus mafiyası"nın üzvləri kimi təsvir edib.

İttiham aktına görə, 2022-ci ilin iyul ayının sonu üçün planlaşdırılan, lakin icraçı Xalid Mehdiyevin səriştəsizliyi səbəbindən baş tutmayan Alinejada qarşı sui-qəsd İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən sifariş edilib və jurnalistin qətlə yetirilməsi üçün yarım milyon dollar ayrılıb.

Prokurorların sözlərinə görə, Gürcüstan vətəndaşı Polad Ömərov, həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı olan Rafet Əmirov bu sifarişə qismən pul xətrinə, eyni zamanda "Quli"nin ölümündən sonra qruplaşma daxilində onun varisliyi uğrunda gedən çəkişmədə üstünlük qazanmaq ümidi ilə girişiblər.

ABŞ-də jurnalistə sui-qəsdi Qulinin adamlarına SEPAH sifariş edibmiş: Məhkəmə işi

Prokuror avtoritetin taclanmasını tanımayıb

Rafet Əmirov vaxtilə məhz Nadir Səlifovun özü tərəfindən "qanuni oğru" kimi taclandırılıb. Polad Ömərov isə Nadir Səlifovun yaxın qohumudur. O da "Quli" tərəfindən taclandırıldığını iddia etsə də, qruplaşmanın digər üzvləri bunu təkzib edib. Eyni zamanda Manhatten prokurorluğu da onu "qanuni oğru" kimi tanımayıb.

2023-cü ildə Çexiyada saxlanılan və bir il sonra ABŞ-yə ekstradisiya olunan Rafet Əmirov istintaqla əməkdaşlıqdan imtina edib.

Məlumata görə, Özbəkistandan təhvil verilən Polad Ömərov isə üzərinə qoyulan ittihamları müzakirə etməkdən boyun qaçırıb. Amma prokurorların dediyinə görə, ABŞ-dən kənarda keçdiyi kriminal karyera barədə sorğu-sual zamanı fəxrlə danışıb.

İcraçı Xalid Mehdiyev ("Əhmədli Xalid") isə hazırda 27 yaşındadır. Həbs edildiyi zaman əvvəlcə danışmaqdan imtina edib. Daha sonra fikrini dəyişib, istintaqla əməkdaşlığı qəbul edib və mart ayında hakim Kolleen MakMahonun sədrliyi ilə keçirilən məhkəmə prosesində üç dəfə ifadə verib.

Xatırladaq ki, hakim MakMahon sabiq ABŞ Prezidenti Bill Klinton tərəfindən təyin olunub.

Hakim cəzanı yarıya endirdi

Prokurorluq Rafet Əmirov və Polad Ömərovun hər birinin 55 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Hakim isə hər iki təqsirləndirilən şəxsi 25 il azadlıqdan məhrum edib.

Əgər onlar həbsxanada nizam-intizamlı olsalar, təxminən 20 il cəza çəkəcəklər. ABŞ federal sistemində 1985-ci ildən bəri şərti azadlıq yoxdur. Amma məhbusların cəzası yaxşı davranışa görə adətən 15% azaldılır.

"Çalışdım ki, gələcəkdə "qanuni oğru" olmağa layiq görülüm"

Rafet Əmirov son illər İranda yaşayıb. Polad Ömərovla o, əlaqə saxlayıb, Ömərov isə jurnalist Alinejadın öldürülməsi tapşırığını Yonkersdə yaşayan, "U Peppino" adlı pitsa restoranında menecer işləyən Xalid Mehdiyevə verib.

Polad Ömərovun vəkili Elena Fest X.Mehdiyevlə çarpaz sorğu-sual keçirib.

O da məlum olub ki, Mehdiyev ABŞ-də ola-ola internet və vasitəsi ilə Ukraynada törədilən bir oğurluq əməliyyatını idarə edib.

"Demək, siz həm beynəlxalq oğurluğu koordinasiya edir, həm də pitsa restoranında işləyirdiniz?" - deyə Fest soruşub.

Xalid Mehdiyev hər iki işi eyni vaxtda görməyin məsuliyyət tələb etdiyini etiraf edib:

"Qruplaşma rəhbərlərində yaxşı təəssürat yaratmağa çalışdım ki, gələcəkdə "qanuni oğru" olmağa layiq görülüm".

ABŞ-də jurnalistə sui-qəsdi Qulinin adamlarına SEPAH sifariş edibmiş: Məhkəmə işi

"Quli"nin ölümündən sonra nə baş verdi?

Nadir Səlifovun ("Quli") ölümündən sonra Xalid Mehdiyev "reket"lik etməyə davam edib. Əvvəlcə "Quli"nin qardaşı Namik Səlifovun ("Namik Bakinski") adından istifadə edirmiş, daha sonra ondan ayrılıb. Polad Ömərovla birgə, xaricdən votsap vasitəsilə verdiyi tapşırıqlarla işləməyə başlayıb.

Məsələn, Bruklində bir ərzaq mağazasının sahibini "nəzarət"ə götürüblər. Xalid Mehdiyevin maşınını mağazanın dayanacağında gülləbaran edib, onun "Range Rover" markalı avtomobilini yandırıb.