Sumqayıtda şəhid anasını təhqir edən şəxs həbs olundu

Sumqayıtda şəhid anasını və oğlunu təhqir edən həbs olunub.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 45-ci məhəllə adlanan ərazisində yerləşən “Pioner market”də qeydə alınıb.

35 yaşlı Vüqar Salehov siqaret almaq üçün xalası oğlu ilə birgə həmin marketə daxil olub. Bu zaman o, sərxoş olduğu üçün marketin işçilərindən birini söyüb. Daha sonra başqa bir qadın işçini və onun şəhid olan yeganə oğlunu da söyüb. Nəticədə Vüqar saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

Vüqar Salehov ifadəsində bildirib ki, törətdiyi əməldən peşmandır və buna görə dəfələrlə üzr istəyib. Zərərçəkən şəhid anası isə məhkəmədən onun cəzalandırılmasını istəyib.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə o, 5 gün müddətinə inzibati qaydada həbs edilib.