Bakıda unikal dələduzluq hadisəsi yaşanıb.
Stopnarkotik.az Teleqraf-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Zamin Nəsirov və 25 yaşlı Bağır Quliyev (ad-soyadlar şərtidir) Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən “ED Lombard-2”yə saxta girov qoyaraq ümumilikdə 13 000 manat mənimsəyiblər.
Belə ki, dostlar əvəlcədən razılaşdırılmış şəkildə içərisinə istifadəyə yararsız vəziyyətdə olan mobil telefon batareyalarını və aksesuarları, dəmir qırıntıları yerləşdirməklə “iPhone 14 Pro”, “iPhone 15 Pro” və “iPhone 16 Pro” markalı mobil telefon aparatlarının qutularını original qaydada qablaşdırıb və ağzı açılmamış halda verib içərisində saz vəziyyətdə həmin qutularda işlənməmiş mobil telefonlar olmasını yalandan bildiriblər.
Onlar bir ay müddlətində qutunu açmamaq şərti ilə verib vahid niyyətlə əhatə olunmuş qəsdlə lombard sahibinin xeyli miqdarda pulunu ələ keçiriblər.
Götürdükləri pulu bir ay müddətində faizi ilə birlikdə geri qaytaracaqlarını bildirən qrup üzvləri sonradan ifşa olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmişlə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad ediliblər.