Daha bir neçə azərbaycanlı Ukraynada həlak olub – Ölən və itən həmvətənlərimizin sayı sürətlə artır / FOTOLAR

Son günlər Rusiyanın Ukraynada davam edən işğalçılıq müharibəsində həlak olan və itkin düşən azərbaycanlıların sayı sürətlə artır. Söhbət daha çox rus ordusunda döyüşənlərdən gedir.

Ötən gün sosial şəbəkələrdə daha bir neçə həmvətənimizin həlak olması və itkin düşməsi barədə məlumat və fotolar yayılıb.

Təəssüf ki, bu şəxslər arasında Qarabağda döyüşmüş, Qarabağı işğaldan azad etmiş şəxslər də var…

 

Belə ki, sosial şəbəkələrdə Azərbaycanın Qarabağdakı antiterror döyüşlərində iştirak etmiş 1997-ci il təvəllüdlü Ramin Abdullayevin Ukraynada həlak olduğu bildirilir. Rusiya tərəfində döyüşən mərhumun Goranboy rayonunun Xoylu kəndində torpağa tapşırıldığı deyilir. R.Abdullayev 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirlərində iştirak edib və yaralanıbmış.

Qazax rayonu Quşçu Ayrım kənd sakini Məmmədov Sənani Əzİz oğlu Ukraynada gedən müharibədə itkin düşüb. O da Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qatılıb.

 

Rusiya işğalçı ordusunun sıralarına qatılan Sumqayıt şəhər sakini Musayev Əfqan Sahabin oğlu da Ukraynada gedən müharibədə itkin düşüb. Ailəsi onunla bağlı xəbər ala bilmir. O, sonuncu dəfə ailəsi ilə danışanda Kamensk-Şaxtinski istiqamətində olduğunu bildirib.

Ukraynada gedən müharibədə eləcə də əslən azərbaycanlı olan Qafarov Davud Xanağa oğlu itkin düşüb. O da Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qatılıb. Ailəsi dekabr ayının əvvəlindən ondan məlumat ala bilmir.

Təəssüf ki, əksər hallarda itkin düşənlərin əksəriyyətinin sonradan həlak olduğu məlum olur. Ən yaxşı halda, bu şəxslər Ukrayna tərəfinə əsir düşürlər.

Əvvəl də qeyd etdiyimiz kimi, ayrı-ayrı şəxslər və mərkəzlər tərəfindən şirnikləndirilərək Rusiya ordusuna qatılan həmvətənlərimizin sayının artdığına dair məlumatlar var. Həlak olan və itkin düşənlərin çoxalması da bundan irəli gəlir. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı ciddi tədbirlər görməsinin vaxtı çoxdan çatıb./azpolitika.info