Gürcüstana 1,2 kq kokain keçirmək istəyən qadın saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisi beynəlxalq hava limanında ölkəyə iri partiyada narkotik vasitə (kokain) keçirməyə çalışan Rusiya vətəndaşı olan bir qadını saxlayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hüquq mühafizə orqanları əməkdaşları Tbilisi beynəlxalq aeroportunda saxlanılan şəxsin yükünə baxış keçirən zaman, çantada gizlədilmiş 1kq və 200 qram miqdarında narkotik vasitə olan kokain aşkarlayaraq müsadirə edib, aşkarlanmış narkotik vasitənin “qara bazarda” dəyəri 1 milyon laridən çoxdur (təxminən 370 min dollar)”, -deyə məlumatda qeyd olunur.

Saxlanılmış 36 yaşlı Rusiya Federasiyası vətəndaşının təqsiri sübuta yetirilərsə onu 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.