Dekabrın 11-də Bakı şəhərinin 14 saylı tam orta ümumtəhsil məktəbinin 8 şagirdinin naməlum səbəbdən özlərini narahat hiss etdikləri xəbəri yayıldı. Hadisə ilə bağlı təcili yardım cəlb olunub və briqada tərəfindən 5 nəfər (oğlan) Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına, 3 nəfər (oğlan) isə Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına hospitalizasiya olundu.
“Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”, - açıqlama verildi.
Qida Təhlükəsizliyi Agentliyinə yönləndirilən sorğuya cavab olaraq bildirildi ki, məsələ agentliyin regional bölməsi tərəfindən nəzarətə götürülüb, müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.
Mediada açıqlanan məlumatlara görə, ilkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Və bu fikir səsləndirildi ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar.
Bir həftə öncə məktəblərdə “snus” adlı saqqızabənzər, tütün tərkibli məhsulun yayıldığı barədə məlumatlar yayıldı. Xəbərin ardınca isə məktəbli uşaqlar, “bizim məhlədə satılır, almışam. Uşaqlar da bir neçə dəfə alıblar. Ağızda dağılır, pis dad verir. Hər marketdə satılmır. Köşk kimi yerlərdə olur”, deyə etiraflar etdilər. Və bildirdilər ki, bu məhsulu alıb məktəbdə çeynəyirlər. Bu barədə dekabrın 17-də İTV-nin reportajında danışıldı. İTV–nin saqqız adı altında satılan “SNUS” adlı maddədən bəhs edən videoreportajında 14 saylı məktəb nümayiş etdirildi. Dekabrın 11-də 8 şagirdin zəhərlənməsi, təcili yardımla xəstəxanaya çatdırılması, həmin məktəbdə bir şagirdin saqqız alıb sinif yoldaşlarına verdikdən sonra uşaqların özlərini pis etməsi, ardınca da “SNUS” maddəsinin uşaqlara satılmasının ünvanı eyni 14 saylı məktəb oldu.
AQTA-nın bu maddəni araşdırmaya başlamasının ardınca, dekabrın 17-də DİN-nin mətbuat xidmətindən açıqlandı ki, “SNUS” adlandırılan məhsulun tərkibi və hüquqi status haqda araşdırmalar aparılır. Açıqlamanın məğzi belə idi: “Hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi yoxdur. Bununla belə, tərkibində nikotin olan məhsulların, tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışı qanunvericiliyin tələblərinə ziddir və polis orqanları tərəfindən bu istiqamətdə profilaktik və nəzarət tədbirləri həyata keçirilir.
Zərərli vərdişlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən ticarət obyektlərində və məktəblər ətrafında müvafiq yoxlama və nəzarət fəaliyyəti davam etdirilir”.
Baş verənlərə aydınlıq gətirmək üçün “Stopnarkotik.az” dekabrın 18-də “SNUS” maddəsinin tərkibi haqda ətraflı yazı yayımladı. “Stopnarkotik.az”ın gömrük səlahiyyətlilərinə müraciəti nəticəsində məlum oldu ki, “SNUS” adlı maddənin Azərbaycan Respublikasında qeydə alınmış əmtəə nişanı mövcud deyil.
Hazırda dekabrın 23-ü tarixində hadisədən 12 gün ötüb, amma məhsulun mənbəyinə dair araşdırılmaya cavabdeh qurumlardan hələ də cavab yoxdur. Bir tərəfdən də bu məhsulun qeydiyyata alınmış nişanı yoxdursa, deməli məhsul leqal yolla ölkəyə daxil olmayıb, çünki leqal yolla gəlmiş olsaydı mütləq hansısa əmtəə nişanı altında gömrük sistemində qeydiyyata alınardı. Buradan da belə nəticə çıxır ki, “SNUS” leqal yolla gəlməyibsə, ya qaçaqmalçılıqla ölkəyə gətirilib, ya da ölkədə kustar üsulla hansısa sexlərdə hazırlanır. Birinci versiyada diqqət sərhəddə yönəlir, ikinci versiyada isə DİN-ə. Söhbət qaçaqmalçılıqdan gedirsə, sərhəd xidmətinin məsələdə ciddi məsuliyyət payı var. DİN-nin “Hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi yoxdur” açıqlamasına gəlincə isə, ölkəmizdə onun tərkibini aydınlaşdıracaq laborator şərait yoxdurmu? Bu belə müşkül məsələdir? Açıqlamanın, “tərkibində nikotin olan məhsulların, tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışı qanunvericiliyin tələblərinə ziddir və polis orqanları tərəfindən bu istiqamətdə profilaktik və nəzarət tədbirləri həyata keçirilir” qisminə gəlincə isə hələ ki, bu maddəni satan ticarət obyekti haqda açıqlanmış məlumat yoxdur. “SNUS”un tərkibinə gəlincə adları çəkilən qurumlar internetdən və bizim araşdırmamızdan məlumat əldə edə bilərlər.
Narkotiki ölkəyə gətirənlərin məqsədi aydındır-insanları, xüsusilə də gəncləri narkotikə alışdırmaq, onları müştəriyə çevirmək, əhalinin qəsdinə durmaq. Ekspertlər və həkimlər narkotik aludəçiliynə gedən yolun başlanğıcında siqaret-nikotin asılılığının cığır açdığını təkrarlayırlar. Belə olan halda narkotik şəbəkəsinin müştəri kontingentini 13-15 yaşdan daha da aşağı salmağa hədəfləyib. Elə sintetik nikotin tərkibli “SNUS” maddəsini bazara çıxarmağın da məqsədi budur. Hər şey zəhərə ilkin alışmadan başlayır, yəni narkotik aludəçiliyi alqoritminin birinci addımı budur-nikotinə alışmaq. Vurğulayaq ki, “SNUS” tətiklədiyi nikotin asılılığı ilə yanaşı ağız xərçəngi, boğaz xərçəngi əmələ gətirə bilir. Nəzərə alsaq ki, nikotin aludəçiliyi narktoik asılılığının astanasında durur, deməli burada “stavka edilən” sonrakı narkoman ordularını formalaşdırmaqdır. Deməli bu işin arxasında elə narkotik şəbəkəsinin durması böyük ehtimaldır. Deməli süni nikotin paketlərinin məktəb uşaqlarına paylanmasının məqsədi istisnasız olaraq hər bir şagirdi gələcəyin narkotik asılısına çevirməkdir. Bu isə bizə qarşı bağışlanılmaz cinayətdir. Cavabdeh qurumlardan isə hələ də tutarlı reaksiya verilməyib. Yəqin ki, 2026-cı ilin qədəm qoymasını gözləyirlər...
Stopnarkotik.az