Azərbaycanda siqaretin nə qədər bahalaşacağı məlum oldu

2026-cı ilin yanvarından Azərbaycanda siqaretlərin qiymətində artım gözlənilir. Buna səbəb Vergi Məcəlləsinə edilən dəyişiklikdir - aksiz dərəcəsi əvvəlki 1000 ədəd üçün 45.5 manatdan 1000 ədəd üçün 55 manata yüksəldilib. Aksiz dolayı vergi olduğundan bu artım birbaşa pərakəndə satış qiymətlərinə təsir edəcək.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, yeni ilin ilk günündən Azərbaycanda növündən və çeşidindən asılı olmayaraq 1 qutu (20 ədəd) siqaretin qiyməti minimum 20 qəpik artacaq. Qanunvericiliyə edilən dəyişiklik artıq bazara da təsirsiz qalmayıb - paytaxtda fəaliyyət göstərən bəzi marketlərin siqaret satışını məhdudlaşdırdığı bildirilir.

Satıcılar və ekspertlərin qiymətləndirmələrinə görə, yeni ildən siqaretlərin qiyməti müxtəlif markalar üzrə 2.5 - 5.5 AZN arasında dəyişəcək.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.