Son dövrlər Rusiya daxilindəki “Z-mühit”də ən çox müzakirə olunan qətllərdən birinin detalları məlum olub. Teleqram kanallarının məlumatına görə, “Espanyola” adlı silahlı birləşmənin lideri, Stanislav “İspanets” Orlov dekabrın 4-də işğal altında olan Sevastopolda öldürülüb.
Hadisə şəhərin Gəmiçilik tərəfi adlanan ərazisində, Orlovun son həftələr yaşadığı “Flotskiy” bağ kooperativində (SNT) baş verib. Müşahidə kameralarının qeydlərinə əsasən, günorta saatlarında Orlovun yaşadığı evin qarşısına dörd avtomobil gəlib. Maşınlardan avtomat silahlı və maskalı şəxslər düşüb.
Qonşular bir neçə atəş səsi eşitdiklərini bildiriblər. Hadisənin şahidləri ASTRA nəşrinə açıqlamalarında Orlovun müqavimət göstərmədiyini, yəni atışma olmadığını iddia ediblər.

Məlumata görə, öldürülən Stanislav Orlov 2014-cü ildən etibarən Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak edib. 2022-ci ildə isə o, “Espanyola” briqadasını yaradıb. Bu silahlı dəstənin tərkibində əsasən ultra-sağçı baxışlara malik futbol azarkeşləri yer alıb və birləşmə Rusiya tərəfdən Ukraynaya qarşı döyüşlərdə iştirak edib.
Qətlin motivləri və icraçıları ilə bağlı rəsmi qurumlar hələlik ətraflı məlumat yaymayıb. Hadisə Rusiya daxilindəki radikal hərbi çevrələrdə ciddi rezonans doğurub./azpolitika.info