Moskva Ukrayna müharibəsilə bağlı ultimatumlarını yenidən nəzərdən keçirməli olacaq. Kreml uzun müddətdir israr etdiyi tələblər, o cümlədən təkcə son 20 bəndlik sülh planı ilə deyil, həm də orijinal 28 bəndlik planla uyğun olmayan bir çox tələblər üzrə güzəştə getməli olacaq.
ABŞ Müharibə Tədqiqatları İnstitutunun (ISW) son hesabatında belə deyilir.
Analitiklər qeyd edir ki, ABŞ-nin NATO-dakı səfiri Mett Uitaker bu yaxınlarda ABŞ, Ukrayna və Avropa arasında son danışıqlar nəticəsində yaranan dörd sənədlə bağlı "top artıq Rusiyanın meydanındadır" deyib.
Lakin eyni zamanda, mütəxəssislər vurğulayırlar ki, cəbhə xəttindəki minimal qazanclar müqabilində olduqca yüksək hərbi itkilər belə Kremli müharibəni bitirməyə sövq etmir.
Hesabatda deyilir ki, Moskva Qərbin təkliflərinə maraq göstərmədiyini hələ də nümayiş etdirir. 20 bəndlik plan dərc olunmazdan əvvəl Putinin köməkçisi Yuri Uşakov gözlənilən təklifləri "qeyri-konstruktiv" adlandırmışdı. Kreml dəfələrlə son sənədlərdə irəli sürülən güzəşt ideyasına tamamilə zidd olan tələblər irəli sürüb: “19 dekabrda Vladimir Putin 2024-cü ilin iyun ayında səsləndirdiyi maksimalist məqsədlərini bir daha təkrarlayıb. Bunlara aşağıdakılar daxildir:
Ukrayna Silahlı Qüvvələrinin Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarılması;
Ukraynanın NATO üzvlüyündən imtina etməsi və neytral statusda olması;
Kiyevdə silahsızlaşdırma və hakimiyyət dəyişikliyi ("denasifikasiya");
Ərazilərin işğalının beynəlxalq səviyyədə tanınması və bütün sanksiyaların ləğvi”.
ISW analitikləri vurğulayırlar ki, Kremlin bu köhnə tələblərə və guya Alyaska sammitində əldə edilmiş hansısa razılaşmalara daim istinad etməsi Moskvanın hazırda cəbhə xəttinin dondurulması təkliflərini rədd etdiyini göstərir. Lakin buna baxmayaraq, ekspertlər prosesin irəliləməsi üçün Rusiyanın sərt ritorikasından geri çəkilməli olacağını iddia edirlər.
Qeyd edək ki, bundan öncə Donald Tramp Milad bayramına baxmayaraq Ukrayna, Rusiya və Çin məsələlərinə qayıtmalı olacağını bildirib./azpolitika.info