Şirvan Apellyasiya Məhkəməsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Lətif Əkbərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Stopnarkotik.az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, 1994-cü il təvəllüdlü Lətif Əkbərov 12 yanvar 2024-cü il tarixdən 2024-cü ilin iyul ayının ortalarınadək qardaşının Beyləqan rayonu ərazisində yerləşən evində yetkinlik yaşına çatmamış, yəni on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan 2009-cu il təvəllüdlü, zərərçəkmiş S.S.-lə (adı, soyadı şərtidir) onun razılığı ilə təbii yolla cinsi əlaqədə olub.
O, məhkəmə ifadəsində bildirib ki, cinayət işində zərərçəkmiş kimi tanınan S.S. hazırda onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxsi ailə qurmaq məqsədi ilə qaçırıb və hazırda onların 2025-ci ildə anadan olan uşaqları vardır.
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə ona 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib və məhkəmə iclas zalından dərhal həbsə alınıb./pravda