Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq.
Stopnarkotik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
Qeyd edək ki, dəyişikliyin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir.
Mühüm dəyişiklik moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu, sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.
Bundan başqa, moped nəqliyyat vasitəsi anlayışının daha dəqiq müəyyən edilməsi, onların dövlət qeydiyyatına alınaraq uçota götürülməsini nəzərdə tutur. Qanunda mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbi aradan qaldırılıb.
Bundan başqa, sözügedən qanunda motosikletin və mopedin uzunluq və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilib.
Qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minir.